“Rusiyanın ekspert icması erməni lobbiçilərinin dezinformasiyalarına uymur və Azərbaycanın erməni hərbi cinayətkarlarının məsuliyyətə cəlb edilməsi ilə bağlı ədalətli tələbini dəstəkləyir”.
“Report”un Rusiya bürosu xəbər verir ki, bunu hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko deyib.
Rusiyalı ekspert Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərə qarşı mübarizə üsulları təklif edib: “Son 30 ildə Azərbaycana qarşı cinayət törədənlər cəzalandırılmalıdır. Hesab edirəm ki, BMT-nin 4 dilində ağ kitab nəşr olunmalıdır. Hərbi cinayətkarların və əmr verənlərin hamısının siyahısı tərtib edilməli, tribunalın yaradılması üçün müvafiq hüquqi strukturlara müraciətlər edilməlidir. Erməni hərbi cinayətkarların sonradan İnterpol xətti ilə beynəlxalq axtarışa verilməsi məqsədilə müvafiq hökmlərin çıxarılması və müvafiq sübut bazasının təqdim edilməsi ilə istintaq tədbirlərinə başlamaq lazımdır”.
“Azərbaycan başa düşməlidir ki, təkcə Ermənistan hakimiyyəti deyil, həm də bu rejiminin himayədarları istintaqa müdaxilə edəcək. Dünya birliyi ikiüzlüdür və yalnız bu və ya digər güc mərkəzinə faydalı olan məsələləri səsləndirir. ABŞ və Fransadan kiminsə erməni hərbi cinayətkarların əməllərinə görə cəzalandırılmasını tələb edəcəyini gözləmək əbəsdir. Biz onlardan belə tələblər eşitməyəcəyik”, - İ.Korotçenko bildirib.