"Mən güman etmirəm ki, yaxın zamanlarda amnistiya, yaxud əfv sərəncamı olacaq. Çünki bu il ərzində həm əfv sərəncamı olub, həm də amnistiya aktının icrası martın 6-da başa çatıb".
Bunu Musavat.com-a Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev deyib.
O bildirib ki, amnistiya aktı 17 mindən artıq şəxsə şamil edilib:
"Onların bir çoxu cəzadan tam olaraq azad edildi, bəzilərinin cəzası 6 aya qədər azaldıldı. Çox genişmiqyaslı bir amnistiya aktı idi. Eyni zamanda Novruz bayramı ərəfəsində cənab Prezidentin əfv sərəncamı oldu. Nəticədə 200-dən artıq şəxs cəzadan azad edildi. Onların da mütləq əksəriyyəti azadlıqdan məhrumetmə cəzasından azad edildi. Bu baxımdan düşünmürəm ki, bu il ərzində növbəti əfv, yaxud amnistiya ola bilər.
Amnistiya ilə bağlı böyük gözləntilərim yoxdur, çünki 2021-ci ildə olub. Tez-tez amnistiyanın verilməsi məsələsi Azərbaycan, eyni zamanda dünya praktikasında yoxdur. Azərbaycanda amnistiya aktı bir qayda olaraq 4-5 il ərzində qəbul olunur. Sonuncu amnistiya 2016-cı ildə olub. 2021-ci ilin dekabrında isə amnistiya aktı qəbul edildi. Onun icrası da əvvəldə dediyim kimi, bu ilin martında başa çatdı. Bu baxımdan amnistiya aktının gələn il olması məsələsini ehtimal etmirəm. Amma növbəti il əfv sərəncamı istisna deyil. Çünki 2023-cü il Ulu öndərin anadan olmasının 100 illiyi qeyd olunacaq. Bu münasibətlə əfv sərəncamının verilməsi də baş tuta bilər. Belə mühüm tarixlərdə Azərbaycanda hər zaman ölkə başçısı tərəfindən əfv sərəncamları imzalanır. İndiyə qədər 68 əfv sərəncamı imzalanıb. Onun 33-ü Ulu öndər tərəfindən imzalanıb. Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Konstitusiyasına əfv hüququ daxil edilib. O zamandan bəri Prezident yanında Əfv Məsələləri Komissiyası fəaliyyət göstərir. Prezident İlham Əliyev tərəfindən indiyədək 35 əfv sərəncamı imzalanıb. Nəticədə 10 minə yaxın şəxs cəzadan azad edilib. Bunların da 95 faizi məhz azadlıqdan məhrumetmə cəzasının qalan hissəsindən azad edilib. İstisna etməzdim ki, gələn il də əfv sərəncamı ola bilər. Amma bütün hallarda qeyd etmək lazımdır ki, əfv sərəncamı Prezidentin müstəsna konstitusion səlahiyyətidir və onun nə zaman verilməsi ölkə başçısının ayrılmaz konstitusion hüququdur. Bu ilin 29 sentyabrında Prezident İlham Əliyev tərəfindən Azərbaycan dövləti, xalqı qarşısında müstəsna xidmətləri olan şəxsiyyətin 100 illiyi ilə bağlı tədbirlər planının hazırlanması tapşırılıb. İstisna etməzdim ki, bu tədbirlər planı sırasında əfv sərəncamının olması da öz əksini tapa bilər. Bunu orada qeyd etmədən də reallaşdırmaq mümkündür. Biz Heydər Əliyevin 100 illiyini çox geniş miqyasda qeyd edəcəyik".