“Onlar həmin pullarla xaricdə mülklər, şirkətlər alıblar”

12:08 14 Oktyabr 2022

“Azərbaycandan qeyri-qanuni pul köçürmələrinin həcmi olduqca yüksəkdir”. 

“Sitat.info” xəbər verir ki, bunu Milli Məclisin deputatı Vahid Əhmədov bildirib. 

Deputat qeyd edib ki, qeyri-qanuni pul köçürmürlərinə qarşı mübarizə aparılsa da bu rəqəmlər hər il artır: “Bu sahədə daha ciddi tədbirlər görülməlidir: Azərbaycanda Maliyyə Amnistiyasının vaxtı çatıb. İnsanlar olub ki, müəyyən qeyri-qanuni yollarla vəsaitlər əldə edib. Həmin vəsaitin əksər hissəsini xaricə çıxarıblar, xarici banklara yatırıblar. Xaricdə mülklər, şirkətlər və s. əmlaklar alıblar ki, bunun da Azərbaycana heç bir xeyri yoxdur. Ona görə həmin vəsaitin Azərbaycana gətirilməsi üçün Maliyyə Amnistiyası qəbul olunmalıdır. Bu vəsaitlər tikinti və s. sektorlarda istifadə oluna bilər”. 

Vahid Əhmədov əlavə edib ki, Azərbaycanda gəlir deklarasiyası da tətbiq edilməlidir: “Bu məsələ ilə bağlı qanun layihəsi var. Prezidentin Nazirlər Kabinetinə normativ sənədin hazırlanması, təsdiqlənməsi ilə bağlı göstərişi var. Lakin bu normativ sənəd işlənib hazırlanmır. Bu iki maddə öz həllini taparsa, hesab edirəm ki, xaricə külli miqdarda qeyri-qanuni vəsaitin köçürülməsinin qarşısı alına bilər”.



Xəbər xətti