Əliyevin bu sözünə "müxalifət"in panik reaksiyası…

21:01 15 Oktyabr 2022

1982-ci ildə Britaniya və Argentina arasında 42 günlük "Folklend müharibəsi" baş verdi. Britaniyanın tam qələbəsi ilə başa çatan müharibədən sonra kiçicik adanın minalardan təmizlənməsi başlandı. Son mina 2020-ci il 10 noyabr tarixində - tam 38 il sonra zərərsizləşdirildi.

Axar.az xəbər verir ki, bu sözləri ReAL İH üzvü, iqtisadçı ekspert Natiq Cəfərli Prezident İlham Əliyevin minaların təmizlənməsinə 30 il vaxt və 25 milyard dollar lazım olduğu barədə açıqlaması haqda qeyd edib.

O bildirib ki, Folklend adalarının ümumi sahəsi 12113 kv.km-dir, Argentina adaların sahil zolaqlarını, təqribən, 43 kv.km sahəni minalamışdı, ümumilikdə cəmi 30 min mina basdırılmışdı:

“Britaniyaya 38 il zaman, 368 mln. funt (dəyişən məzənnəni nəzərə alıb illərə bölsək, təqribən 500 mln. dollar) vəsait lazım oldu ki, balaca bir adanın kiçicik bir hissəsini minalardan tam təmizləsin.

Siyasi iddiası olan bəzi müxalifət nümayəndələri İlham Əliyevdən o qədər qorxurlar, öz siyasi perspektivlərinə o qədər inanmırlar ki, Əliyevin minaların təmizlənməsinə 30 il, milyardlarla dollar lazım olması fikrini onun o qədər hakimiyyətdə qalmaq istəyi ilə qavrayırlar. Çünki hakimiyyətə gəlmək üçün nə bacaraqları var, nə imkanları və bunu şüuraltı anlayırlar deyə, hər məsələyə bu prizmadan baxırlar”.

Ekspert bildirib ki, düzə-düz, əyriyə-əyri demək lazımdır:

“Erməni işğalçıları 30 ildə yüzminlərlə mina basdırıblar, ərazi olaraq Folklend adasında basdırılan sahədən dəfələrlə (azı 100 dəfə) böyük ərazidə bunu ediblər - bəli, ərazimizi minalardan tam təmizləmək üçün 20-25 il, milyardlarla da dollar vəsait lazımdır və bu işi gələcək hökumət də görməli, böyük zaman və vəsait xərcləməli olacaq...”

 

 



Xəbər xətti