Səfir: “Ukrayna Azərbaycanın ağrısını xüsusilə yaxşı başa düşür”

14:30 17 Oktyabr 2022

“Ukrayna üçün Azərbaycanın dərdi xüsusilə başa düşüləndir, çünki bizdə də uşaqlar ölür, atəşlər nəticəsində dinc əhalinin evləri dağılır”.

Bunu "Report"a iki il əvvəl gecə saat 01 radələrində Gəncəyə raket zərbələri endirilən əraziyə bu gün baş çəkən Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski bildirib.

“Biz Azərbaycan xalqı ilə eyni ağrını yaşayırıq. Düşmən döyüş meydanında qalib gələ bilməyəndə dinc əhaliyə zərbə endirir", - o deyib.

Onun sözlərinə görə, Azərbaycanın təcrübəsi göstərir ki, münaqişənin ən yaxşı həll yolu diplomatiya və hərbi işlərin birləşməsidir.

Xatırladaq ki, İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən 5-ci dəfə raket hücumuna məruz qalmasından iki il ötür. 2020-ci ilin oktyabrın 17-də gecə saat 01 radələrində düşmən növbəti dəfə xain və qəddarcasına cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhərinin mərkəzindəki Cavadxan qəsəbəsini SCUD/Elbrus əməliyyat-taktiki ballistik raketləri ilə atəşə tutub.

Düşmənin hücumu zamanı yaşayış evləri tamamilə dağılıb, sakinlər dağıntılar altında qalıb.

Nəticədə 15 nəfər şəhid olub, 55-dən artıq şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Şəhid olanlar və xəsarət alanlar arasında azyaşlılar, qadınlar və qocalar da var.



Xəbər xətti