Bakıda taksi sürücüsünə qarşı bıçaqla hücum edib onun pulunu və avtomobilini əlindən alan şəxsin məhkəmə prosesi başa çatıb.
“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Cəlal Quliyev (soyad şərtidir) 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hadisə cari ilin iyulunda baş verib.
Məhkəmədə təqsirləndirilən şəxs ifadəsində bildirib ki, o, qısa müddət Rusiyada işlədikdən sonra Bakıya qayıdıb. Bir neçə gün rayonda və Bakıda müxtəlif hotellərdə qaldıqdan sonra üzərində pulu qurtardığından özünə bilet alıb yenidən Rusiyaya getmək qərarına gəlib. Cəlal pulu olmadığı üçün sözügedən cinayət əməlini törədib.
Belə ki, Cəlal iyulun 6-da gecə 03:15 radələrində metronun “Koroğlu” stansiyası yaxınlığında taksi kimi dayanmış “Toyota Prius” markalı avtomobilə yaxınlaşıb və sürücü Həsəndən onu Nərimanov rayonuna aparmağı xahiş edib.
Qeyd edilən ünvana gələn zaman Cəlal cibindən çıxardığı bıçaqla Həsəni hədələyib və üzərindəki pulları tələb edib. Həsənin üzərində 30 manat, maşının saxlanc yerində isə 370 manat olub. Cəlal həmin 370 manatı və maşının Həsənin əlindən alıb.
Maraqlıdır ki, sükan arxasına keçən Cəlal Həsənin yolda qaldığını gördükdən sonra onun harada yaşadığını soruşub. Həsən “Nizami Mall” ticarət mərkəzinin yaxınlığında qaldığını bildirdikdə, Cəlal ona maşına minməyini və yaşadığı ünvana aparıb düşürəcəyini söyləyib. Qeyd edilən ünvanda Həsəni düşürdükdən sonra o, həmin avtomobillə Masallı rayonu istiqamətində gedib.
Ələt yolunda səhvən Hacıqabul istiqamətinə tərəf getdiyi üçün yenidən geriyə qayıdan zaman maşını surətlə idarə etdiyindən, onu yolda yol-patrul xidmətinin əməkdaşları saxlayıb və ondan maşının sənədlərini istəyiblər. Cəlal isə maşının oğurluq olduğunu bildirdiyi üçün polis əməkdaşları onu Hacıqabul RPŞ-yə aparıb, sonradan isə Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin əməkdaşlarına təhvil veriblər. Şöbədə o, könüllü olaraq əməlini etiraf edib.
Qeyd edək ki, 18 yaşlı Cəlalın atası təxminən 8 il bundan qabaq quldurluq cinayətinə görə tutulub və 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib