Paytaxt Bakıda son bir neçə aydır ki, kirayə mənzil bazarında fantastik bahalaşma müşahidə olunur.
Sitat.info-nun əməkdaşı Nizami rayonu ərazisində ev alqı-satqısı ilə məşğul olan maklerlərlə həmsöhbət olub.
"Makler bazarı" adlanan ərazidə fəaliyyət göstərən maklerlər son 3-4 ayda kirayə mənzillər bahalaşdığını təsdiqlədilər.
Bildirdilər ki, ötən illə müqayisədə kirayə mənzillərin qiyməti 200-250 manata qədər bahalaşıb.
10 ildirki, bu bazarda fəaliyyət göstərən Ramiz Aslanov bahalaşmanın səbəbini belə izah edir: "Misal üçün "Neftçilər", "Qara Qarayev" metrostansiya ətrafında birotaqlı evlərin aylıq kirayə qiyməti 350-400, ikiotaqlı 500-550, üçotaqlı evlər isə 600-700 manata təklif edirik.
Bu bizimlə bağlı olan hal deyil. Ev sahibi mənzilinə müəyyən məbləğə təklif etməyimizi tələb edir. Təbii ki, heç kim evini ucuz qiymətə kirayə vermək istəmir. Bunun əsas səbəbi bahalaşan kommunal xidmətlər və ərzaq məhsulları ilə bağlıdır. Bu birbaşa bazara təsirini göstərir".
Kirayə mənzil üçün alqi-satqı ofislərinə üz tutan vətəndaşlar da qiymətlərin fantastik dərəcədə bahalaşmasından gileylənirlər: "Metroya yaxın ev axtarırıq, ancaq çox bahadır. Çobanzadə küçəsində ikiotaqlı evi 450 manata dedilər. Halbuki,5-6 ay qabaq bu məbləğə metroya yaxın yerdən, əla vəziyyətdə ev kirayələmək olardı. Son 4-5 aydır ki, 150 manat bahalaşma var. Təsəvvür edin ki, 300 manata orta təmirli ev tapmaq mümkünsüz olub. İndi bu qiymətə birotaqlı ev təklif edilir. O da heç normal vəziyyətdə olmur".
Məğrur Salmanov,
Sitat.info