Son həftələrdə Rusiya Ukraynaya qarşı genişmiqyaslı hərbi əməliyyat keçirmək üçün lazım olan son komponentləri də yerləşdirib.
SİTAT.İNFO-nun xarici mediaya istinadən verdiyi xəbər görə, hərbi ekspertlər bildirirlər ki, buraya döyüş təyyarələri və hücum helikopterləri, həmçinin elit paraşütçü bölmələri və adətən istənilən işğal planında “nizənin ucu” kimi xidmət edəcək xüsusi təyinatlılar daxildir.
Belarusiyanın şimalına yerləşdirilən qoşunlar sürətlə paytaxt Kiyevə çatmaq iqtidarındadır. Qara dənizdəki Rusiya Hərbi Dəniz Qüvvələri də Ukraynanın cənub sahillərini təhdid edir. Bir çox hərbi analitiklər və rəsmilər hesab edir ki, Rusiya Ukraynanın şərqində uzun müddətdir qoşun və silah-sursatla təmin etdiyi iki separatçı bölgə yaxınlığında ağır hücuma keçəcək.
“New York Times”ın hesabatındakı xəritələrdə Rusiya qoşunlarının 29 dekabr, 25 yanvar və 20 fevral tarixlərindəki mövqeləri göstərilir.
Dekabr 2021: Ötən ilin sonlarında Rusiya ölkə daxilində yeni mövqelərə qoşun, tank və artilleriya göndərməyə başladı. Bu texnikanın böyük hissəsi Ukrayna ordusunun 2014-cü ildən bəri Rusiyanın dəstəklədiyi separatçılarla müharibə apardığı ölkənin şərqindəki iki separatçı bölgə olan Donetsk və Luqanskda cəmlənib.
3 yanvar: Rusiya yaxın müttəfiqi olan Belarusiya ilə birgə hərbi təlimlərə hazırlıq məqsədilə texnika və qoşun göndərməyə başlayır. Rusiya Belarusiyadakı qüvvələrinə Ukraynanın şimal sərhədində, paytaxt Kiyevə yaxın ərazidə yeni cəbhə açmağa icazə verir.
4 fevral: Rusiya rəsmiləri qoşunların qismən çıxarılmasını elan edir. Lakin ABŞ rəsmiləri bu iddianı rədd edir və Rusiyanın mövcudluğunu artırdığını deyir. Rusiyanın ən qabaqcıl birləşmələrindən biri olan Mərkəzi və Şərq Hərbi Dairələrinin hərbi qüvvələrinin yeridilməsi davam edir.