ABŞ Moskvaya qarşı daha sərt mövqe tutması üçün Ankaraya növbəti dəfə təzyiq etmək istəyir. ABŞ rəsmiləri türkiyəli həmkarları ilə Rusiyaya qarşı maliyyə sanksiyalarına əməl olunması üçün danışıqlar aparıblar.
Axar.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.
“Xəzinədarlıq katibinin terrorizmin maliyyələşdirilməsi və maliyyə cinayətləri üzrə köməkçisi Elizabet Rosenberqin başçılıq etdiyi nümayəndə heyəti Ankara və İstanbulda Türkiyə Mərkəzi Bankının sədri və işgüzar dairələrin nümayəndələri ilə görüşüb. Onların Türkiyə Milli Maliyyə Nazirliyinin nümayəndələri ilə də görüşü planlaşdırılır. Amerika nümayəndə heyətinin səfəri Putin və Ərdoğanın qaz qovşağı yaratmaq barədə razılığa gəlməsindən təxminən bir həftə sonra baş tutub. Potensial olaraq Türkiyə Rusiya qazının Avropaya nəqli üçün əsas marşruta çevrilə bilər. Ərdoğan və Putinin dostluğu ilə möhkəmlənən Türkiyə ilə Rusiya arasında iqtisadi və ticarət əlaqələrinin dərinləşməsi Moskvanı Ukrayna ilə bağlı mövqeyini dəyişməyə inandırmaq üçün vahid beynəlxalq cəbhə kimi çıxış etməyə çalışan Qərbi qıcıqlandırır. ABŞ bir neçə türk işgüzar qrupuna məktub göndərərək Rusiyada bizneslə məşğul olmağın nəticələri barədə xəbərdarlıq da edib. Ərdoğan həm Kiyev, həm də Moskva ilə yaxşı qurulmuş strateji əlaqələrə malikdir. Türkiyə onlar arasında vasitəçi kimi mövqe tutur. Ərdoğan artıq Ukraynanın Qara dəniz limanlarından taxıl daşınması ilə bağlı sazişin əldə olunmasına kömək edib və hərbi əsirlərin mübadiləsinə şərait yaradıb. Sanksiyalar və investisiya üçün marşrutlar məhdudlaşdığı üçün Türkiyə Rusiya üçün son dərəcə vacib tərəfdaşa çevrilib”, - məlumatda deyilir.