Şahin Mustafayev İranın Vitse-prezidenti ilə görüşüb

13:48 20 Oktyabr 2022

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev oktyabrın 20-də İran İslam Respublikasının Vitse-prezidenti, İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının sədri Əli Səlaceqe ilə görüşüb.

Görüşdə cari ildə diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünü qeyd edən Azərbaycanla İran arasında ali siyasi dialoqun mövcud olduğu məmnunluqla vurğulandı.

Oktyabrın 13-də Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısı çərçivəsində Azərbaycan və İran prezidentləri arasında keçirilmiş görüş bunun təzahürü kimi qiymətləndirildi.
İki ölkə arasında siyasi, ticari-iqtisadi, nəqliyyat-tranzit, energetika, mədəniyyət, ətraf mühit və digər sahələrdə dostluq və qonşuluq münasibətlərinin uğurla inkişaf etdiyi qeyd olundu.

Eyni zamanda bölgədə nəqliyyat kommunikasiyalarının açılmasının əməkdaşlıq üçün geniş imkanlar yaratdığı bildirildi.
Bakıda keçirilən “Xəzər dənizinin ətraf mühitinin mühafizəsi üzrə Çərçivə Konvensiyası”nın Tərəflər Konfransının 6-cı iclasının əhəmiyyəti vurğulandı.

Bildirildi ki, Xəzər dənizinin ətraf mühitinin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə məsələləri Azərbaycanın milli siyasətinin prioritet istiqamətlərindəndir. Xəzər dənizinin ətraf mühitinə mənfi təsirin minimuma endirilməsi istiqamətində ölkəmiz tərəfindən ardıcıl tədbirlərin görüldüyü diqqətə çatdırıldı.

Ekoloji problemlərin həlli üçün Xəzəryanı ölkələrin səylərinin birləşdirilməsinin vacibliyi xüsusi vurğulandı.

Eyni zamanda Araz çayının Ermənistan tərəfindən çirkləndirilməsindən narahatlıq ifadə olundu, çayın ətraf mühitinin mühafizəsi üçün birgə səylərin zəruriliyi diqqətə çatdırıldı.

//report.az



Xəbər xətti