"Azərbaycan və Türkiyə bütün sahələr üzrə birlikdə addımlayır, birlikdə inkişaf edir. Biz bütün maneələri, bütün çətinlikləri birlikdə aşırıq".
Bunu Report-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
Onun sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana növbəti səfəri çox tarixi bir məqamdan xəbər verir:
"Azərbaycan Qarabağ və Şərqi Zəngəzuru işğaldan azad etdikdən sonra bu ərazilərin təkrarən cənnət məkana çevrilməsi və burada normal həyatın təmin edilməsi üçün təxirəsalınmaz işlər həyata keçirilməyə başladı. Ötən il məhz Füzuli Beynəlxalq Hava Limanının açılışında da Rəcəb Tayyib Ərdoğan və böyük nümayəndə heyəti iştirak etmişdi. Bu gün də qardaş dövlətin prezidenti Azərbaycanın yanında olduğunu bir daha göstərir. Şuşa bəyannaməsi imzalandıqdan sonra Türkiyə Azərbaycan münasibətlərində tamamilə fərqli inkişafın şahidi oluruq".
Deputat vurğulayıb ki, Azərbaycan xalqı Zəngilan Beynəlxalq Hava Limanının açılışı ilə çox önəmli hadisəyə şahidi oldu:
"Bu, birbaşa olaraq bu ərazinin iqtisadi potensialının artırılmasına xidmət edəcək investisiyaların qoyuluşu və açılışların edilməsidir. Unutmamalıyıq ki, bu ərazilər birbaşa olaraq Zəngəzur dəhlizinin keçəcəyi ərazilərlə eynidir və Naxçıvanla Şərqi Zəngəzuru məhz bu ərazilər birləşdirəcək. Həmçinin burada çox böyük nəqliyyat şəbəkəsi formalaşacaq, yük daşımaları da məhz bu ərazilərdən həyata keçiriləcək. Hazırda bununla əlaqədar çox böyük işlər görülür və məhz bu ərazilərdə də ən yaxın zamanda keçmiş məcburi köçkünlərimiz öz dava yurdlarında yaşayacaq, işləyəcək və bu ərazini cənnət məkana çevirəcəklər".
"Bu gün Türkiyənin Azərbaycanın yanında olması və Zəngilan Beynəlxalq Hava Limanının açılışında Ərdoğanın böyük nümayəndə heyəti ilə iştirak etməsi Azərbaycana həm siyasi, həm iqtisadi, həm mənəvi, həm mədəni dəstəyin bir daha nümayiş etdirilməsidir. Deyə bilərik ki, bu gün Qafqazda, Cənubi Qafqazda bütün geostrateji yanaşmalar və Qafqaz uğrunda gedən mübarizələr tamamilə fərqli bir macəraya daşınıb. Bu gün Azərbaycanın yaratdığı yeni reallığı təəssüflər olsun ki, qəbul edə bilməyən güclər, qüvvələr və erməni havadarları var. Ancaq məhz Türkiyənin Azərbaycana göstərdiyi siyasi mənəvi dəstək bütün bu fərqli yanaşmaları alt-üst edir. Azərbaycanın gücünə güc qatır və Azərbaycanda da bu qardaşlıqdan ilhamlanaraq öz gələcək hədəflərinə doğru irəliləyir", - N.Həmzəyev əlavə edib.