Azərbaycan Macarıstanla su-kanalizasiya sahəsində əməkdaşlığı müzakirə edib

17:55 21 Oktyabr 2022

Bu gün "Azərsu" ASC-nin sədr müavini Köçərli Həsənov Macarıstanın Azərbaycana yeni təyin olunmuş səfiri Tamaş Tormanla görüş keçirərək içməli su təchizatı və kanalizasiya sektorunda gələcək əməkdaşlıq məsələlərini müzakirə edib.

Sitat.info bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, görüşdə K.Həsənov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən içməli və tullantı su sistemlərinin yenidən qurulması layihələri barədə məlumat verərək layihələrin icrasında dünyanın qabaqcıl şirkətlərinin təcrübəsindən istifadə olunduğunu diqqətə çatdırıb. Bu sahədə Macarıstan şirkətləri ilə əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığını vurğulayan sədr müavini “Budapeşt Su İşləri” şirkəti ilə aparılan təcrübə mübadiləsinin töhfələrindən danışıb. O, qeyd edib ki, ötən müddətdə informasiya sistemlərinin, informasiya və kommunikasiya texnologiyaları strategiyasının işlənib hazırlanması, eləcə də digər sahələrlə bağlı imzalanmış müqavilələrdən irəli gələn vəzifələr uğurla icra olunub.

Səfir iki ölkə arasında bütün sahələrdə əlaqələrin yüksələn xətlə inkişaf etdiyini bildirib. O, Macarıstan hökuməti və şirkətlərinin Azərbaycanda həyata keçirilən infrastruktur layihələri ilə maraqlandığını qeyd edərək gələcək əməkdaşlığın qarşılıqlı əlaqələrə töhfə verəcəyini diqqətə çatdırıb.



Xəbər xətti