Oktyabrın 21-i Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə YAP-ın yaradılmasının 30-cu ildönümü münasibətilə təntənəli tədbir keçirilib.
Sitat.info xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, YAP İdarə Heyətinin üzvü Elmar Qasımov, YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Milli Məclisin deputatları Madər Musayev, Kamaləddin Qafarov, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Tədbirdən öncə Binəqədi rayonunda Birinci Qarabağ, Aprel döyüşləri v ə Vətən müharibəsi şəhidlərinin xatirəsinə ucaldılan Memorial Kompleks və ulu öndər Heydər Əliyevin YAP Binəqədi rayon təşkilatının inzibati binası önündə ucaldılmış abidəsi ziyarət olunub, gül dəstələri qoyularaq əziz xatirələri ehtiramla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov YAP-ın 30 illik tarixi dövründə olduqca şərəfli və məsuliyyətli yol qət etdiyini, öz siyasi xətti və fəaliyyəti ilə xalqın partiyasına çevrildiyini diqqətə çatdırıb.
Yekunda nitq söyləyən Binəqədi RİH başçısı Elxan Allahverdiyev qeyd edib ki, bu gün sürətli inkişaf edən müstəqil Azərbaycanımızı uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşı YAP sədri Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir.
Daha sonra partiyanın və rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup şəxs Fəxri Fərmanla təltif olunub.
Yeni Azərbaycan Partiyası sıralarına yeni üzv qəbul edilmiş şəxslərə üzvlük vəsiqələri təqdim edilib.