AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov FIFA-nın İsveçrənin Sürix şəhərində yerləşən mənzil-qərargahında ali futbol qurumunun prezidenti Canni İnfantino ilə görüşüb.
"SİTAT.İNFO" Reporta istinadən xəbər verir ki, görüş zamanı E.Məmmədov AFFA-nın prezidenti Rövnəq Abdullayevin adından C.İnfantinoya ötən il təşkil olunan Avropa çempionatı zamanı Bakıya təşrif buyurması və AVRO-2020-nin Bakı Olimpiya Stadionunda keçirilmiş İsveçrə - Türkiyə oyununu (3:1) izləməsi ilə əlaqədar bir daha minnətdarlığını bildirib.
Azərbaycanda futbolun inkişafı, FIFA ilə AFFA arasında qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsi ilə bağlı müzakirələrin aparıldığı görüşdə son dövrlər ölkədə həyata keçirilmiş futbol infrastrukturu layihələri barədə ətraflı məlumat verilib.
Elxan Məmmədov Azərbaycan Premyer Liqasında yaxın gələcəkdə VAR sisteminin tətbiq olunacağını bildirib və bu istiqamətdə görülmüş işlər haqqında FIFA prezidentini məlumatlandırıb.