Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin Azərbaycan Mərkəzinin fəaliyyəti ölkəmizin mütərəqqi texnologiyalara əsaslanan sürətli inkişaf tempinə nail olmasına, regional rəqəmsal əməkdaşlığın genişlənməsinə töhfə verəcək
SİTAT.İNFO Report-a istinadən xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizdə səfərdə olan Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə görüşdə bildirib.
Görüşdə Azərbaycanla Dünya İqtisadi Forumu arasında səmərəli tərəfdaşlıq və ölkəmizin Forumun bir sıra təşəbbüslərində fəal iştirakı qeyd olunub. Vurğulanıb ki, dövlət başçısı Dünya İqtisadi Forumu ilə əlaqələrin genişləndirilməsinə xüsusi diqqət göstərir.
Nazir qeyd edib ki, Dünya İqtisadi Forumu, eləcə də Dördüncü Sənaye İnqilabı Şəbəkəsi ilə əməkdaşlığın uğurlu nəticəsi olaraq, Şəbəkənin Azərbaycan Mərkəzi fəaliyyətə başlayıb. Mikayıl Cabbaro davamlı və dayanıqlı inkişafın Dördüncü Sənaye İnqilabının (4Sİ) tələbləri ilə sıx əlaqəli olduğunu diqqətə çatdırıb.
Görüşdə 4Sİ texnologiyaları və rəqəmsal iqtisadiyyat haqqında məlumatlılığın artırılmasının, bu sahədə rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılmasının önəmi diqqətə çatdırılıb.
Dünya İqtisadi Forumunun prezidenti Borge Brende təşkilatın Azərbaycanla əməkdaşlığından məmnunluğunu ifadə edib, ölkəmizin inkişafının qlobal çağırışlarla uzlaşdığını vurğulayıb. Qeyd olunub ki, Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin Azərbaycan Mərkəzinin yaradılması bu sahədə aparıcı ölkələrlə tərəfdaşlığın inkişafına, 4Sİ texnologiyalarının tətbiqinin genişlənməsinə şərait yaradacaqdır.
Tərəflər Dünya İqtisadi Forumu ilə əlaqələrin gücləndirilməsi, 4Sİ texnologiyaları sahəsində beynəlxalq təcrübənin Azərbaycana gətirilməsinin sürətləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.