Bu ilin yanvar-sentyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Xaçmaz və Yevlax rayonlarındakı KOB evləri sahibkarlara 50 673 xidmət göstərib.
Sitat.info Agentliyə istinadən xəbər verir ki, bu xidmətlərin 18 522-si “Xaçmaz KOB evində”, 32 151-i isə “Yevlax KOB evi”ndə göstərilib.
Xidmətlərin 48 425-i dövlət-biznes (“G2B”), 2 248-i isə biznes-biznes (“B2B”) xidmətləridir.
KOB evinə müraciət etmiş sahibkarlar daha çox vergi məsələləri, mənşə sertifikatının verilməsi və kommunal xidmətlərlə bağlı müraciət ediblər. Sahibkarların KOB evlərinin xidmətlərindən məmnunluq göstəricisi 98% olub.
KOB evlərinin əsas üstünlüyü sahibkarların biznes xidmətlərini vahid məkanda alması, bununla da vaxtına və əməliyyat xərclərinə qənaət etməsi, sahibkarlara göstərilən xidmət səviyyəsinin ölçüləbilən olmasıdır.