Prezident İlham Əliyev Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlərin həyata keçirilməsi haqqında sərəncam imzalayıb.
Sitat.info sərəncamın mətnini təqdim edir:
1. “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti “Azərbaycan” İstilik Elektrik Stansiyasının modernizasiyası çərçivəsində əlavə generasiya gücünün yaradılması üçün zəruri tədbirlər görsün.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. “Azərbaycan” İstilik Elektrik Stansiyasının modernizasiyası çərçivəsində əlavə generasiya gücünün yaradılması məqsədilə maliyyə vəsaitinin cəlb edilməsi, idxal olunacaq avadanlıqların və ehtiyat hissələrinin idxal gömrük rüsumlarından azad olunması, habelə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istehsalçı müəssisələrdən elektrik qurğu və avadanlıqların alınması və modernizasiya işlərinə podratçı təşkilatların cəlb olunması ilə əlaqədar tədbirlər görsün;
2.2. “Azərbaycan” İstilik Elektrik Stansiyasının modernizasiyası çərçivəsində görülən işlərlə əlaqədar avadanlıqların və ehtiyat hissələrinin alınması üçün Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli 410 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi Qaydası”na uyğun olaraq dövlət zəmanətli kreditlərin cəlb edilməsi ilə bağlı məsələləri həll etsin;
2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.