Deputat: “Siyasi partiyalar haqqında” qanun layihəsi müasir dövrün çağırışlarına cavab verir”

17:53 25 Oktyabr 2022

“Siyasi partiyalar haqqında” qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmələr layihənin daha da təkmilləşdirilməsinə xidmət edir. Çünki ictimai müzakirə cəmiyyətin gözləntilərini, baxışlarını öyrənməyin ən yaxşı indikatorudur. Düşünürəm ki, yeni qanun layihəsi müasir dövrün çağırışlarına cavab verən bir sənəd olacaq”.

Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.

Deputat hesab edir ki, “Siyasi partiyalar haqqında” yeni qanunun qəbulu Azərbaycanda həyata keçirilən çoxşaxəli islahatların tərkib hissəsi kimi qiymətləndirilə bilər.

Onun sözlərinə görə, yeni qanun Azərbaycanda siyasi partiyaların daha effektiv fəaliyyət göstərməsinə imkan yaradacaq. Partiyaların maliyyələşməsi, idarə edilməsi, ölkənin ictimai-siyasi həyatına təsir imkanlarının artırılması ilə bağlı bir sıra vacib məsələlər qanun layihəsində əksini tapıb:

“Qanun layihəsinin hazırlanması zamanı siyasi partiyalardan daxil olan təkliflər öyrənilib və bu proses davam edir. Eyni zamanda, beynəlxalq təcrübə də nəzərə alınıb. Siyasi partiyalara adı çəkilən qanunla bağlı təklifləri təqdim etmək üçün geniş imkanlar yaradılması və ictimai müzakirələrin təşkili daha mütərəqqi qanunun qəbul olunması niyyətinin ifadəsidir”.

Deputat qeyd edib ki, siyasi partiyalar siyasi sistemin vacib elementlərindən biri kimi, ölkənin demokratik inkişafına, siyasi plüralizmin dərinləşməsinə xidmət edir. Bu baxımdan, “Siyasi partiyalar haqqında” qanun layihəsinin açıq ictimai müzakirəyə çıxarılması layihənin əhatə etdiyi istiqamətin mahiyyətinə tamamilə uyğundur:

“Əminəm ki, yeni qanun layihəsi müzakirələrdə irəli sürülən fərqli təkliflər və ideyalar sayəsində cəmiyyətin və dövlətin ümumi mənafelərinə xidmət edən mükəmməl bir sənəd olacaq. Bu bir faktdır ki, indi Azərbaycanda yeni siyasi mühit formalaşıb. Bu siyasi mühitin ən vacib xüsusiyyətlərindən biri dialoq və konstruktiv əməkdaşlıqdır. Yəni əslində Azərbaycan siyasi sistemində ciddi məzmun dəyişikliyi baş verib və təşkil olunan ictimai müzakirələrin də mahiyyətində məhz bu yeni yanaşma dayanır”.



Xəbər xətti