Bu gün Sosial Tədqiqatlar Mərkəzində (STM) “Böyük millət - güclü dövlət: müasir Azərbaycanın yeni ideoloji xətti” mövzusunda dəyirmi masa keçirilib.
Sitat.info-nun xəbərinə görə, tədbirdə Sosial Tədqiqatlar Mərkəzinin sədr müavini Elşad Mirbəşir, Milli Məclisin deputatları, politoloqlar iştirak edib.
Toplantının giriş sözü ilə açan Elşad Mirbəşir deyib ki, bu gün Azərbaycan bütün dünya azərbaycanlılarının məsuliyyətini öz üzərinə götürmək gücündədir. Bugünkü Azərbaycanın yeni reallıqlara uyğun inkişaf hədəflərini müəyyənləşdirə bilir:
“Dünya azərbaycanlıları artıq özünün güclü və qüdrəti dövlətlərinin olmasına əmindirlər. Bu gün ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi altında dünyada söz sahibi olan ölkəyə çevrilib”.
Daha sonra toplantı iştirakçıları videorolikə baxıb.
Azərbaycan Milli Elmlər Akademiyası Qafqazşünaslıq İnstitutunun direktoru Musa Qasımlı isə qeyd edib ki, güclü dövlət ədalətli qanunlarla qurulur və 1993-cü ildən bu yana Azərbaycanda güclü dövlətin qurulmasının təməli qoyulub:
“Modernləşməyən dövlət heç zaman rəqabətə tam gətirə bilməz. Dövlət inkişaf etmirsə, güclü ola bilməz və hədəfinə çata bilməz. Xatırlayırsınızsa, 2003-cü ildə Prezident İlham Əliyev demişdi ki, bizim hədəfimizin modernləşməkdir. Yenilənmə həmişə özü ilə inkişaf gətirir. Vətən müharibəsindəki qələbəni Prezident İlham Əliyevin rəhbərliyi ilə millətimiz qazandı. Bizim inkişafımızın əsas səbəbi sabitliyimizin olmasıdır”.
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə vurğulayıb ki, bu gün Qarabağda bərpa-yenidənqurma işləri aparır:
“Bu onu göstərir ki, Azərbaycan kommunikasiyaların açılmasını istəyir. Azərbaycançılıq ideologiyası tarixdir və keçmişimizdir. Biz tariximizi bilirik. “Böyük millət” dialoqsuz ola bilməz”.
Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü, professor Tahirə Allahyarova deyib ki, biz növbəti hədəflərimizi və onlara necə çatmalı olduğumuzu bilməliyik.
“Böyük millət, güclü dövlət” anlayışı hədəflərimizə uyğunduр: “Bizim milli ideologiyamızın yeni şərtlərini təqdim edən Prezident İlham Əliyevin çıxışlarıdır. Prezident İlham Əliyev qeyd etdi ki, qayıdışımız bizim milli ideologiyamız olmalıdır. Biz nə xoşbəxtik ki, bizim İlham Əliyev kimi liderimiz var”.
Tədbir çıxışlarla davam edib.