Dövlət Gömrük Komitəsində (DGK) daha bir yüksək vəzifəli general işdən çıxarılıb.
Sitat.info-nun əldə etdiyi məlumata görə, gömrük xidməti general-mayoru Qasımov Cavad Mustafa oğlu sədr müavini vəzifəsindən azad edilib.
Dövlət Gömrük Komitəsindən bildirilib ki, məsələ ilə bağlı müvafiq sərəncam olmadığından bu barədə heç nə deyə bilməyəcəklər.
Qeyd edək ki, Cavad Qasımov 1999-cu ildə Dövlət Gömrük Komitəsinin Bakı Aksiz Gömrük Postunun Gömrük rəsmiləşdirilməsi və nəzarəti şöbəsinin inspektoru kimi gömrük orqanlarında fəaliyyətə başlayıb. O, 1999-2002-ci illərdə Komitənin Bakı Aksiz Gömrük Postunun Gömrük rəsmiləşdirilməsi və nəzarəti şöbəsinin rəisi, 2002-2006-cı illərdə Gömrük Nəzarətinin Təşkili Baş İdarəsi Sərnişin şöbəsinin rəisi, 2006-cı ildə Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin Gömrük Rejimlərinə Nəzarət İdarəsinin rəisi olub.
Cavad Qasımov 2006-2008-ci illərdə Gömrük Nəzarətinin Təşkili Baş İdarəsi rəisinin 1-ci müavini - Gömrük Rejimlərinə Nəzarət İdarəsinin rəisi vəzifələrində çalışıb. 2014-cü ilin yanvar ayında Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunub.
6 iyul 2018-ci ildə Prezidentin sərəncamı ilə Dövlət Gömrük Komitəsinin sədr müavini vəzifəsinə təyin olunub.
Cavad Qasımov 2003-2006-cı illərdə Dövlət Gömrük Komitəsində xidmət göstərdiyi zaman Rusiya Gömrük Akademiyasında qiyabi təhsil alıb və həmin Akademiyanı fərqlənmə diplomu ilə bitirib. Gömrük işi ilə bağlı müxtəlif beynəlxalq təşkilatlar tərəfindən təşkil olunmuş tədbirlərdə iştirak və məruzələrlə çıxış edib.
O, 2008-ci ildə Prezident İlham Əliyev tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
Ailəlidir, iki övladı var.