Məlum olduğu kimi, bir neçə gün öncə Bakı Nəqliyyat Agentliyi Bakıda yeni E1 ekspres marşrut xəttinin fəaliyyətə başlayacağını açıqlamışdı. Bildirilirdi ki, bu avtobuslarda gedişhaqqı 60 qəpik məbləğində müəyyən olunub.
Sitat.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, artıq sözügedən xətt üzrə avtobuslar fəaliyyətə başlayıb. Lakin gedişhaqqı nəzərdə tutulduğu kimi 60 qəpik deyil, 50 qəpikdir.
Qiymət dəyişikliyinin nə ilə əlaqədar olduğunu Bakı Nəqliyyat Agentliyi açıqlama verib. Agentlikdən bildirilib ki, məbləğin 10 qəpik azaldılması xəttin cəlbediciliyini artırmaq məqsədi daşıyır:
“Bildiyiniz kimi, E1 ekspress marşrut xəttinin açılmasında başlıca məqsəd vətəndaşların 8-ci kilometr yaşayış sahəsindən, eləcə də ətraf ərazilərdən Lökbatan Nəqliyyat Mübadilə Mərkəzi və əks istiqamətində əlavə ödəniş etmədən birbaşa marşrut xətti ilə gediş-gəlişini təmin etməkdir.
Bu xəttin işə salınması qeyd olunan marşrut üzrə gündəlik səfər edən vətəndaşların qanunsuz sərnişindaşıma vasitələrindən istifadəsini əhəmiyyətli dərəcədə azaldacaq. E1 xəttinin cəlbediciliyini daha da artırmaq və vətəndaşların qanunsuz sərnişindaşımalardan çəkindirmək məqsədilə marşrut xətti üzrə gediş haqqının 0.50 azn olması məqsədəmüvafiq hesab edilib”.
Qeyd edək ki, Azərbaycanda ictimai nəqliyyatda sərnişindaşıma ilə bağlı gedişhaqqı məbləğləri Tarif Şurası tərəfindən müəyyən olunur. Şuranın 2018-ci ildə imzaladığı qərara görə, şəhərdaxili - məsafədən asılı olmayaraq gedişhaqqı 30 qəpik müəyyən olunub.
Şəhərətrafı - 15 km-dək 30 qəpik, 15 km-dən 30 km-dək 40 qəpik, 30 km-dən 40 km-dək 50 qəpik, 40 km-dən 45 km-dək 50 qəpik, 45 km-dən 50 km-dək 80 qəpik, 50 km-dən yuxarı 90 qəpikdir.
Məlumat üçün bildirək ki, E1 ekspres marşrut xətti metronun “Xalqlar Dostluğu” stansiyasından başlayaraq Qara Qarayev prospekti - “Koroğlu” stansiyası - Heydər Əliyev prospekti - Yusif Səfərov küçəsi - Neftçilər prospekti – “Azneft” dairəsi - Bibiheybət -Lökbatan Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində hərəkət edəcək.