Birlikdə yaşadığı qadını və onun qardaşı qızını zəhərləyərək öldürməkdə təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilmiş Aydın Qəhrəmanovun cinayət işi yenidən araşdırılıb.
Sitat.info xəbər verir ki, Aydın Qəhrəmanov həbs olunduğu gündən dəfələrlə məhkəmələrə müraciət edib, cinayət törətmədiyini bildirib.
Məhkum şəxs sonuncu dəfə Ali Məhkəməyə verdiyi kassasiya şikayətində günahsız olaraq həbsdə olduğunu, zərərçəkmiş şəxslərin zəhərlənib ölmələrinə səbəb olan dərmanı müalicə məqsədilə onlara verdiyini qeyd edib.
Yüksək instansiya məhkəməsi məhkum şəxsin şikayətini əsaslı hesab edib, cinayət işini yenidən baxılması üçün apellyasiya baxışına qaytarıb. Bakı Apellyasiya Məhkəməsində 4 il davam edən araşdırma zamanı məhkum şəxs yenidən dindirilib, qətllə bağlı ekspertizalar təyin olunub.
Hakim Kamran Əkbərovun sədrlik etdiyi hakimlər heyəti bütün dəlil və sübutları, ekspertiza rəylərini tədqiq edərək məhkum şəxsin günahsız olduğu qənaətinə gəlib.
Yekun qərara əsasən, Aydın Qəhrəmanova bəraət verilib. O, 9 il sonra 62 yaşında məhkəmə zalından birbaşa azadlığa buraxılıb.
Xatırladaq ki, 2003-cü ildə Bakıda Aida Yəhyayeva və onun qardaşı qızı Samirə Yəhyayevanın dərmandan zəhərlənərək ölmələri barəsində prokurorluğa məlumat daxil olub. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. 6 il davam edən istintaqın sonunda onların intihar məqsədilə dərman içmədikləri açıqlanıb. Aydın Qəhrəmanov 2013-cü il avqust ayında həbs edilib.
İttihamda göstərilib ki, Astara rayon sakini Qəhrəmanov Aydın Rəhman oğlu qeyri-rəsmi nikahda yaşadığı Aidə Yəhyayeva və onun qardaşı qızı Samirə Yəhyayevanı zəhərləyərək öldürüb. Cinayət törətməyə səbəb isə Aidənin bacısı Nazilə Yəhyayevaya məxsus 4 otaqlı mənzili ələ keçirmək niyyətinə düşməsi olub.
Aydın Qəhrəmanov “Finlepsin” və “Amirtiptilin” dərmanlarını yuxugətirici kimi zərərçəkmiş şəxslərə içirib. Aidə və Samirə Yəhyayeva zəhərlənmədən vəfat ediblər. Aydın Qəhrəmanova Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə ittiham irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aydın Qəhrəmanov verilmiş ittihamlarla təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb./ APA