Ermənistanla Azərbaycan arasında münaqişənin həlli vacibdir.
Manset.az xəbər verir ki, bunu Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar deyib.
Onun sözlərinə görə, AB Ermənistan və Azərbaycan arasında sülh prosesinin bütün səviyyələrində fəal iştirak edir:
“Buna ən bariz sübut Azərbaycan və Ermənistan liderləri arasında Brüsseldə dörd dəfə görüş keçirmiş Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişelin fəaliyyətidir. Biz Cənubi Qafqazdakı sülhdə və firavanlıqda maraqlıyıq”.
T.Klaar bildirib ki, AB-nin fəaliyyətinin əlamətlərindən biri Ermənistanın Azərbaycanın sərhədyanı bölgəsində müşahidə missiyasının yerləşdirilməsidir:
“Missiyanın müddəti iki aydır. Vəsait Gürcüstandakı müşahidə missiyasının büdcəsindən ayrılıb. Biz monitorinq missiyasının vaxtını daha uzun müddətə uzada bilmərik. Ümid edirəm ki, monitorinq missiyası Brüsseli yerlərdəki vəziyyət və mövcud çağırışlar barədə daha yaxşı məlumatlandıracaq, beləliklə, sülh prosesi daha effektiv şəkildə təşviq oluna bilər".
"Əminəm ki, Ermənistanla Azərbaycan arasında münaqişənin həlli, sərhədlərin, kommunikasiyaların açılması, ticarətin bərpası Cənubi Qafqazın hər üç respublikası üçün sərfəlidir", - xüsusi nümayəndə qeyd edib.