Hindistanın Qucarat ştatında asma kanatlı körpünün uçması nəticəsində ölənlərin sayı 141-ə yüksəlib.
“Report” xəbər verir ki, bu barədə yerli NDTV məlumat yayıb.
Bildirilib ki, itkin düşənlərin axtarışı davam edir. Ölənlərin sayının artacağı istisna edilmir.
06:01
Hindistanda körpünün uçması nəticəsində ölənlərin sayı 100-ü ötüb
Hindistanın Qucarat ştatında kanatlı körpünün uçması nəticəsində ölənlərin sayı 120-yə çatıb.
“Report” AFP-yə istinadən xəbər verir ki, bu barədə Morbi dairəsinin polis rəisi bildirib.
“İndiyədək 120 nəfərin meyitini tapmışıq. Axtarış əməliyyatları getdikcə həlak olanların sayının, böyük ehtimalla, artımı davam edəcək”, - o qeyd edib.
22:01
Hindistanın Qucarat ştatında kanatlı körpünün uçması nəticəsində ölənlərin sayı 90-ı ötüb.
“Report” xəbər verir ki, bu barədə yerli NDTV telekanalı məlumat yayıb.
Bildirilib ki, 91 nəfər faciənin qurbanı olub. 70 nəfər yaralanıb və xəstəxanalara aparılıb.
Körpü üzərində 500-ə yaxın insan olan zaman dağılıb. 100-dən çox insan su altında qalıb.
Faciə yerində olan mənzil tikintisi və kənd rayonlarının inkişafı naziri Briceş Merca bildirib ki, ölənlərin əksəriyyəti qadınlar və uşaqlar, eləcə də qocalardır.
21:08
Hindistanın qərbindəki Qucarat ştatında kanatlı körpünün uçması nəticəsində ölənlərin sayı 60 nəfəri keçib.
“Report” xəbər verir ki, bu barədə NDTV kanalı mənzil tikintisi və kənd rayonlarının inkişafı naziri Briceş Merca istinadən məlumat verib.
“Ən azı 60 nəfər ölüb. 17 nəfər xəstəxanadadır”, - nazir bildirib.
Faciə yerində xilasetmə əməliyyatı davam edir. Rəhbərlik qurbanların sayının artmaqda davam edəcəyini istisna etmir.
19:41
Hindistanın qərbindəki Qucarat ştatında kanatlı körpünün uçması nəticəsində azı 40 nəfər ölüb.
“Report” xəbər verir ki, bu barədə NDTV kanalı məlumat yayıb.
Körpü üzərində 500-ə yaxın insan olan zaman dağılıb. 100-dən çox insan su altında qalıb. Xilasedicilər hadisə yerindədir.
Faciə Maççxu çayı üzərindəki Morbi körpüsündə baş verib. O, 140 il əvvəl tikilib, bir neçə ildir ki, yenidən qurulub və cəmi dörd gün öncə ziyarətçilərin üzünə açılıb. Yerli sakinlərin də qoşulduğu xilasetmə əməliyyatına Baş nazir Narendra Modi rəhbərlik edir.
Hadisə şahidləri tərəfindən lentə alınan videoda körpünün troslarında bir nəfərin asılı olduğu görünür. Digərləri özlərini xilas etmək üçün çaya atılıblar.