“Xankəndidəki mitinqdə 15-20 min insanın iştirak etdiyinə dair heç bir əsası olmayan rəqəmlər səsləndirilir. Mən oradan çəkilən video və foto çəkilişlərə baxmışam. Birincisi, ümumilikdə Qarabağda, yəni Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi Azərbaycan ərazisində heç 20 min insan yaşamır. İkincisi, ermənilərin özlərinin də məlumat verdiyi kimi, o mitinqdə yerli əhalidən çox az adam iştirak edib”.
Bu sözləri Baku TV-yə açıqlamasında “Global Media Group”un media direktoru, jurnalist Həmid Həmidov ötən gün Xankəndidə təşkil edilən mitinqə münasibət bildirərkən deyib.
H.Həmidov vurğulayıb ki, sözügedən aksiyada iştirak edənlər erməni əsilli rusiyalı milyarder Ruben Vardanyanın pul qarşılığında ora göndərdiyi Ermənistan vətəndaşları olublar.
“Məqsəd görüntü yaratmaq idi. Halbuki orada iştirak edənlər muzdlu aktyorlar idilər. Və bütün bu hərəkətlərin təşkilatçılığının müvəqqəti olaraq Qarabağda yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı, general Andrey Volkovun olması məni təəccübləndirmədi”.
H.Həmidov vurğulayıb ki, A.Volkovun davranışları Kremlin göstərişi əsasında baş verir, Kremlin mövqeyi isə Rusiya Prezidentinin “Valday”dakı çıxışından məlumdur.
“Rusiya Prezidenti Nikol Paşinyanı Azərbaycanın ərazi bütövlüyünü ehtiva edən “Vaşinqton variantı”ndan imtina etməyə və faktiki olaraq üzünü Moskvaya tərəf çevirməyə çağırdı”.
H.Həmidov fikrini yekunlaşdırarkən qeyd edib ki, Xankəndidə təşkil edilən mitinqin bu gün Soçidə Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin üçtərəfli görüşünün nəticələrinə heç bir təsir göstərməyəcək.