Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 51 347 daşınmaz əmlak üzrə ipoteka müqaviləsi qeydə alınıb.
Sitat.info xəbər verir ki, bu barədə "Report"a İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14 549 və ya 39,5 % çoxdur.
İlin ilk 9 ayı ərzində ölkədə girov qoyulan əmlaklar sırasında mənzillər, torpaq sahələri və fərdi yaşayış evləri ilk 3-lükdə olub. Ən çox girov qoyulan daşınmaz əmlak isə mənzillərdir. Belə ki, hesabat dövründə 29 375 mənzil üzrə ipoteka müqaviləsi bağlanılıb. Girov qoyulmuş ümumi 51 347 əmlakdan 8 946-sı torpaq sahəsinin, 7 931-i isə fərdi yaşayış evinin payına düşüb.
Hesabat dövründə daşınmaz əmlak üzrə ən çox ipoteka müqaviləsi Bakıda bağlanıb. Paytaxtda ümumilikdə 28 243 ipoteka müqaviləsi bağlanılıb ki, bu da ölkə üzrə ümumi göstəricinin 55 %-ni təşkil edir. Bakıdan sonra ən çox ipotekanın dövlət qeydiyyatı Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 4 saylı Abşeron (5 781 müqavilə), 2 saylı Sumqayıt (3 439 müqavilə), 3 saylı Gəncə (2 394 müqavilə) və 5 saylı Xaçmaz ərazi idarələrində (2 291 müqavilə) aparılıb. Həmçinin, 17 saylı Yevlax və 13 saylı Şirvan ərazi idarələri də ən çox girov qoyulan bölgələr sırasındadır.
Bu ilin yanvar-sentyabr ayları ərzində ölkədə mənzillərin ən çox girov qoyulduğu ərazilər Bakı, Abşeron və Sumqayıtdır. Bütün girov qoyulan mənzillərin 92,6 %-i bu üç ərazi idarəsinin payına düşür. Ölkənin regionlarında isə mənzillərin ən çox girov qoyulduğu bölgələr 3 saylı Gəncə, 17 saylı Yevlax, 13 saylı Şirvan ərazi idarələrinin xidmət dairəsində yerləşən şəhər və rayonlar üzrə müəyyən olunub. Mənzillərin ən az girov qoyulduğu bölgələr isə 14 saylı Şamaxı (14 müqavilə), 9 saylı Qəbələ (14 müqavilə) və 11 saylı Şəmkir (23 müqavilə) ərazi idarələridir.
9 ay ərzində girov qoyulan fərdi yaşayış evlərinin sayına görə paytaxt ilk yeri tutur. Ancaq bölgələrdə də bu kateqoriya üzrə aktivlik müşahidə olunur. Ölkənin bölgələrində fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu rayonlar 3 saylı Gəncə, 5 saylı Xaçmaz, 7 saylı Bərdə və 10 saylı Lənkəran ərazi idarələrinin dislokasiyalarında yerləşir. Ən çox torpaq sahəsinin girov qoyulduğu ərazilər sırasında ilk üçlüyü müvafiq olaraq 5 saylı Xaçmaz, 1 saylı Bakı və 4 saylı Abşeron ərazi idarələri tamamlayır. Torpaqların ən az girov qoyulduğu bölgələr isə 8 saylı Cəlilabad (156 müqavilə) və 15 saylı Tovuz (170 müqavilə) ərazi idarələridir.