Azərbaycanda bu partiya İranla bağlı bəyanat yaydı

23:32 1 Noyabr 2022

Azərbaycan Yüksəliş Partiyası İranda baş verənlərlə bağlı bəyanat yayıb.

Sitat.info həmin bəyanatı təqdim edir:

Son bir ayda cənub qonşumuz İranda baş verən faciəvi hadisələr, gənc qızların öldürülməsi ilə müşahidə olunan etiraz aksiyaları və xüsusən də, Cənubi Azərbaycan əhalisinin, can bir, qan bir qardaş və bacılarımızın bu münaqişələr zamanı qətlə yetirilməsi hər bir Azərbaycanlı kimi Azərbaycan Yüksəliş Partiyasının üzvlərini də dərindən sarsıdır və narahat edir. 

Molla rejiminin xüsusi vəhşiliklə soydaşlarımıza, gənc bacı və qızlarımıza qarşı yürütdüyü qeyri-insani üsullarla üsyanı yatızdırma cəhdləri yolverilməzdir. Aldığımız məlumatlara görə, etirazlar zamanı onlarla 14-30 yaş arası  gənc qız və qadın soydaşımız qətlə yetirilib.

Qeyd edək ki, İranda insanlıq adına törədilən bu vəhşilik insan hüquq və azadlıqlarına dair beynəlxalq konvensiyaların, qanunvericiyin kobud şəkildə pozulmasıdır və Türk Dövlətləri Təşkilatına daxil olan ölkələr, eləcə də, dünya ictimaiyyəti İranda baş verən qanlı hadisələrə, humanitar böhrana seyirçi qalmamalı, ciddi təpki göstərməlidir.

Azərbaycan Yüksəliş Partiyası olaraq İran molla rejiminə qəti şəkildə etirazımızı bildirir və dərhal bu kimi qəddar üsullara, törədilən vəhşiliklərə, insanlıq adına ləkə olan polis müdaxiləsinə son qoymağa çağırırıq.

Sitat.info



Xəbər xətti