Anar Əsədli: "Naxçıvanla bağlı başladılan proses  çoxdan olmalı idi"

12:27 3 Noyabr 2022

"İsraildə səfirliyimizin açılması məsələsi məntiqi sonluğunu tapmalıdır" 

Azərbaycan Yüksəliş Partiyası Başqanlıq Heyətinin növbəti iclası keçirilib.

Sitat.info xəbər verir ki, Başqan Anar Əsədlinin sədrlik etdiyi iclasın gündəliyinə partiya quruculuğu, strukturların formalaşdırılması, yeni üzvlərin qəbulu, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, mədəni, humanitar həyatında və respublika ətrafında gedən proseslərlə bağlı məsələlər salınıb.
 
İclası giriş niqti ilə açan Anar Əsədli həm ölkədə, həm də onun ətrafında çox ciddi hadisələrin baş verdiyini bildirərək, qeyd edib ki, AY Partiyanın geosiyasi planda Azərbaycanı qarşıda gözləyən bir sıra kritik dəyşikliklərə hazır olması çox zəruridir. 
 
Son vaxtlar Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasından (NMR) kifayət qədər həssas məlumatların olduğunu vurğulayan partiya başqanı bildirib ki, ümumiyyətlə, baş verənlər uzun müddətdir, Azərbaycan ictimaiyyətinin, cəmiyyətinin gözləntilərilə üst-üstə düşür.

Anar Əsədli deyib ki, startı verilən proses hətta gecikib, çoxdan olmalı idi.

Xüsusilə, Muxtar Respublikanın xüsusi xidmət, kəşfiyyat, hüquq-mühafizə orqanlarının, Ordu birliklərinin əlahiddə şəkildə mövcud olması, rəsmi Bakıdan başqa Naxçıvan Ali Məclisinin də əmrlərinə tabe etdirilməsinin kökündən doğru olmadığını qeyd edən AY Partiya başqanı aparılan struktur dəyişikliklərini yeni və müsbət hadisə kimi qiymətləndirib. Partiya funksionerlərinin də bu məsələ ilə baglı fikirləri dinlənilib və belə qərara alınıb ki, NMR-də cərəyan edən proseslər partiyanın diqqətində saxlanılsın.
 
İclasda həmçinin Azərbaycan siyasi hakimiyyətinin vəzifələrə təyin elədiyi bürokratların korrupsiyaya və dələduzluğa, dövlət vəsaitlərinin müxtəlif yollarla mənimsənilməsinə meylli olması, Dövlət Təhlükəsizlik Xidmətinin hələ ötən il xüsusi əməliyyat keçirərək, böyük yeyintilər aşkarladığı, həmçinin yüksək vəzifə tutan şəxslərini həbs elədiyi Mədəniyyət Nazirliyinin, sadəcə, bir ildir işləməyə başlayan gənc nazir müavininin nazirliyin fəaliyyəti üçün ayrılmış dövlət vəsaitlərini mənimsəməsi ittihamı ilə saxlaması böyük rəzalət kimi qiymətləndirilib.

Məlum olur ki, iqtidarın vəzifələrə çəkdiyi gənc kadrlar da sələflərindən geri qalmayaraq, vəzifə səlahiyyətlərini aşmaqla əvvəlki korrupsiya maxinasiyalarını davam etdirib, şəxsi maraqları üçün fəaliyyət göstəriblər. Ümumiyyətlə isə DTX-nın son illərdə apardığı əməliyatlar göstərir ki, ölkədə demək olar, əksər sahələrdə korrupsiyaya, talançılığa, rüşvətxorluğa meyillilik anormal dərəcədədir. Effektiv, şəffaf və hesabatlılığa açıq idarəetmə mexanizmləri tətbiq edilmədikcə, dövlətin vəzifələrinə yanaşma ən yuxarı səviyyələrdə dəyişmədikcə belə də davam edəcək. Dövlətin mühüm və strateji sahələrində dövlətçilik tərbiyəsi, əxlaqı, dövlətçilik ərkanı olan milli kadrların önə çəkilməsi ləngidikcə nəticələr daha pis olacaq.  AY Partiya funksionerləri yekdil olaraq bu fikirdə qalıblar ki, dövlət səviyyəsində dələduzluq, korrupsiyaya meyillilik, eyni zamanda baş verənlərə istər inzibati, istərsə də ictimai planda nəzarətsizlik ölkəni içindən yeyib dağıdan, onun fundamental əsaslarını məhv edən, respublikanı bütün sahələr üzrə tərəqqidən, inkişafdan saxlayan bir bəladır. 
 
İclasın gündəliyində olan məsələlərdən biri də Azərbaycan-Ermənistan arasında mümkün sülh müqaviləsinin bağlanma perspektivləri, Brüssel və Vaşinqtonun xüsusilə Qarabağ üzərində Azərbaycanın suverenliyini saxlaması şərtilə irəli sürdüyü həll variantlarına Ermənistanı razı salmağa yaxınlaşmasının müzakirəsi olub.

Bildirilib ki, Kreml yenə bölgədə pozuculuqla, aranı qatmaqla, sülhə əngəl olmaqla məşğuldur. Ukraynada işğalçılıqla məşğul olan Rusiya Federasiyası (RF) sahədə və diplomatik masada uduzduğunu hiss elədikcə, Cənubi Qafqazdan da sıxışdırılıb çıxarılmasına qarşı müqavimət göstərməyə, bundan ötrü sülhü, barışı pozacaq addımlar atmağa daha çox meyllidir. Rusiyasız Cənubi Qafqaz Evi ideyasını son iki ildir, prioritetləri sırasına çıxaran AY Partiya hesab edir ki, RF prezidenti Vladimir Putinin təşəbbüsü ilə dövlət rəhbərlərinin baş tutan Soçi görüşü əvvəlki görüşlərin təkrarı olub və sülhə yönəlik heç bir nəticə hasil olmayıb. AY Partiya başqanı Anar Əsədlinin də mövzuya dair yekun fikri bundan ibarət olub ki, geosiyasi şərtlər və şərait elə bir formada müəyyənləşdirilməlidir ki, Rusiya sülhməramlı hərbi kontingentinin Azərbaycanın suveren ərazilərində müvəqqəti mövcudluğu ilə bağlı 5 illik müddət bitən kimi onlar ölkəni tərk eləsinlər. 
 
Bugünlərdə Azərbaycanın İsraildə səfirliyinin açılmasına dair qərarın olması barədə yayılan xəbərin də müzakirə olunduğu toplantıda bildirilib ki, Azərbaycan müstəqil ölkədir, xarici tərəfdaşlarını, hərbi-siyasi müttəfiqlərini seçməkdə sərbəstdir, bu mənada hansı ölkədə səfirliyinin olub-olmamasına qərarın verilməsi Azərbaycan dövlətinin müstəsna hüququdur. Başqan Anar Əsədli xüsusi həssaslıqla yanaşdığı bu məsələ ilə bağlı deyib ki, Azərbaycanın Tel-Əvivdə səfirliyi çoxdan açılmalı idi, bu planda hələ çox gecikmişik. Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən olan İsrail son 30 ildə istər dövlətçiliyin mövcudluğu və qorunması, istər xarici düşmənlər, xarici təhdidlərlə mübarizədə hər zaman Azərbaycanın yanında olub, dəstəyini heç vaxt əsirgəməyib.

Bu mənada dünyada ən güclülərdən olan Yəhudi Lobbisinin gördüyü işləri, verdiyi dəstəyi xüsusi qeyd etmək olar. Təbii ki, bütün bunların boşuna olmadığı qənaətində olan iclas iştirakçıları hesab edirlər ki, Azərbaycan tarix boyu nadir məmləkətlərdən olub ki, dünyanın hər yerində anti-semitizmə məruz qalan yəhudilər özlərinə burada əmin-aman, sülh, barış içində yaşaya biləcəkləri bir yurd, vətən seçə biliblər. İndi müxtəlif xalqlarla əsrlər boyu barış içində birgə yaşamağın nümunəsini yaratmış tolerant xalqımıza vəfa borcunu qaytaran yəhudilərin paytaxtı Tel-Əvivdə Azərbaycan səfirliyinin fəaliyyət göstərməsi ən doğru qərarlardan biridir. Hərbi-sənaye, enerji, neft-qaz, kənd təsərrüfatı, suvarma sistemləri, dərman preparatlarının istehsalı, o cümlədən humanitar və mədəni əlaqələr üzrə dərin əməkdaşlıq içində olduğumuz İsraillə münasibətlərimizin hər zaman yaxşı səviyyədə olmasından narahat olan bəzi ölkələrin nə deməsindən asılı olmayaraq, Azərbaycan İsraillə diplomatik əlaqələri daha daha da genişləndirməlidir.  
 
Ən sonda Azərbaycan Yüksəliş Partiyası DTX-nın həyata keçirdiyi əməliyyat nəticəsində Azərbaycanın dövlət quruluşuna və dövlətçiliyinə təhdid yaradan bir qrup dini-ekstremist dəstənin zərərsizləşdirilməsi və məkrli planlarının ifşa edilməsini təqdir edib. Xüsusilə sözügedən dəstənin son vaxtlar Azərbaycana qarşı özünü yaxşı aparmayan qonşu İranın xüsusi xidmət orqanlarından dəstək alması faktının üzə çıxması, hətta bu azmış kimi, İranın Bakıdakı səfirliyinə aid avtomaşının bu dəstənin həyata keçirməyə çalışdığı işlərdə vasitəyə çevrilməsi təəssüf doğurmaqla yanaşı, bir daha onu göstərir ki, rəsmi Tehran təhlükəli dənizlərdə üzür və Azərbaycanın bir dövlət kimi mövcudluğuna ən ciddi təhlükələrdən biridir. Əsasən azərbaycançılıq və türk ictimai məfkurəsinin əsas dayaqlarından biri olaraq, AY Partiya funksionerləri zaman-zaman istər yazılı, istərsə də TV çıxışlarında bununla bağlı dəfələrlə xəbərdarlıq edib, ölkəmizdə din pərdəsi altında kök salmış ekstremist qüvvələrin nə qədər təhlükəli olduqları barədə arayış verib, eyni zamanda daha çox İranın dini-ideoloji çətiri altında bəslənən bu qüvvələrin bir gün ölkəmizə qarşı çirkin oyunlarda istifadə oluna biləcəyinin anonsunu edib. Sevindirici haldır ki, ölkənin milli təhlükəsizliyinə məsul olan xüsusi xidmət orqanları bu mənada ayıq-sayıqdır, üzərlərinə düşən işi layiqincə icra edirlər. 

İclasın gedişində AY Partiya başqanı əlavə edib ki, xüsusilə İranda bir aydan çoxdur davam edən xalq ayaqlanmaları və bu üsyanların, rejim tərəfindən xüsusi qəddarlıq, amansızlıqla reaksiya verilməsinə rəğmən, dinməməsi fonunda, Güney Azərbaycan mövzusunun gündəmə gəlməsindən daha çox qıcıqlanan rəsmi Tehranın davranışları diqqətlə izlənməli, dövlət, xalq və cəmiyyət olaraq proseslərin hər cür inkişafına hazır olmalıyıq. Bölünmüş xalq olan azərbaycanlıların bir gün tarixi-siyasi şərait yetişəcəyi halda bütövləşəcəyi perspektivləri qətiyyən gözardı edilməməli, dünyanın müxtəlif yerlərinə səpələnmiş Güney Azərbaycan siyasilərinin, aydınlarının vaxt itirmədən bir araya gətirilməsinin yolları tapılmalı, bu prosesə ciddi dəstək verilməlidir.

Məğrur,

SİTAT.İNFO



Xəbər xətti