Kremlin bölgədə istinad etdiyi yeganə nöqtə Qarabağ separatçılarıdır - Elxan Şahinoğludan NARAHATLIQ doğuran AÇIQLAMA

16:55 3 Noyabr 2022

"ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan-Ermənistan dialoqunda Rusiya xarici işlər naziri Sergey Lavrov qədər fəaldır. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov erməni həmkarı Ararat Mirzoyanla yaxın günlərdə Vaşinqtonda Blinkenin vasitəçiliyi ilə görüşəcək. Bu, Vaşinqtonun Soçi görüşünə cavabıdır. Bundan əvvəl belə bir görüş sentyabr ayında Nyu-Yorkda keçirilmişdi. Bakı və İrəvan Brüssel və Vaşinqtonun vasitəçiliyindən imtina etmirlər. Kreml bu gedişatdan bərk narahatdır".

Bu fikirləri politoloq, Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Sitat.info-ya açıqlamasında bildirib.

O qeyd edib ki, Vaşinqtonun vasitəçiliyi nəticə verməsə də, Rusiyanın Cənubi Qafqazdakı inhisarını zəiflətmək baxımından faydalı sayıla bilər: "Rusiyanın Cənubi Qafqazdakı mövqelərinin zəifləməsində digər iki oyunçu – Türkiyə və Avropa İttifaqı da iştirak edir. Kreml Ermənistanın baş naziri Nikol Paşinyanı və onun nazirlərini  Brüssel və Vaşinqtonun vasitəçiliyindən imtinaya məcbur edə bilmir. Kreml Paşinyanı da hələ devirə bilmir ki, Ermənistanı Qərb yolundan döndərsin".

Politoloq vurğuladı ki, hazırda Kremlin bölgədə istinad etdiyi yeganə nöqtə Qarabağ separatçılarıdır: "Bizim üçün ən böyük təhlükə də budur. Qarabağ separatçıları ilə Rusiya arasında zəncirin qırılmasına çalışmalıyıq. Bu Vaşinqtonla Brüsselin də maraqlarına cavab verir. Hər ikisi rəsmi Bakı kimi rusiyalı hərbçilərin 3 ildən sonra Qarabağı tərk etməsini istəyir. Çünki onlar da anlayır ki, rusiyalı hərbçilər 3 il sonra Qarabağı tərk etməsələr, orada möhkəmlənəcək və hərbi baza yaradacaqlar".

Nərgiz,

SİTAT.İNFO



Xəbər xətti