“Prezident İlham Əliyev öz tarixi missiyasını uğurla yerinə yetirməkdədir. Xalqımızın ümidlərini doğruldur və arzularını gerçəkləşdirir”.
“Sitat.info” xəbər verir ki, bu sözləri sabiq səhiyyə naziri Əli İnsanov rəhbəri olduğu Haqq Ədalət Partiyasının İdarə Heyətinin iclasında çıxışı zamanı deyib.
O bildirib ki, Prezident İlham Əliyev uzun illərdir Qarabağ problemi ilə məşğuldur və o bu məsələni bizim hamımızdan yaxşı bilir: “O, hansı dövlətlə, hansı siyasi rəhbərlə necə əlaqə qurur, onu bu problemin həllinə necə cəlb edə bilir, hesab edirəm, düz edir. Mane olmamalıyıq. Bizlər isə bütün iddialarımızdan bir müddət əl çəkərək bu tarixi şansdan yararlanaraq, problemin həllini Azərbaycanın xeyrinə yönəltmək üçün cənab Prezidentə bacardığımız dəstəyi verməliyik.
Müşahidələrim mənə bunu deməyə əsas verir ki, Prezident İlham Əliyev Qarabağ probleminə aidiyyəti yaxud maraqları olan ölkələri və liderləri çox məharətlə bizim bu tarixi problemimizin yaxşı mənada həllinə cəlb edə bilir. Odur ki, Haqq Ədalət Partiyası olaraq, daim dövlətimizin və ordumuzun yanında olduğumuzu bildirir, Prezident İlham Əliyevin apardığı siyasəti birmənalı dəstəklədiyimizi bəyan edirik”.
/Qafqazinfo