Ermənilər Zəngəzur istiqamətində sərhəd zonasında peyk müşahidə sistemi qurmaqda israrlıdırlar - Osman Gündüz

17:36 10 Noyabr 2022

"Hiss olunur ki, ermənilər Zəngəzur istiqamətində sərhəd zonasında peyk müşahidə sistemi qurmaqda çox israrlıdırlar. Ermənistan İspaniyanın SATLANTİS şirkəti ilə birgə müşahidə peykini orbitə qaldırdıqdan sonra gələn il üçün özünün peyk idarəetmə mərkəzini qurmağı planlayırdı. Sonradan açıqlama veriblər ki, beynəlxalq kreditlər hesabına bu peyk mərkəzi gələn il deyil, elə cari ilin sonunadək hazır olacaq. Yəni, çox tələsirlər. İndi də məlumat açıqlanıb ki, Ermənistan İsveçrə ilə birgə peyk məlumatları əsasında ətraf mühitin monitoriq sistemini qurur".

Sitat.info xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. 

Onun sözlərinə görə, Ermənistanın müvafiq qurumları İsveçrənin qrantları, onların Landsat və Sentinel-2 peyklərindən əldə olunan məlumatlarla tədqiqatlar aparılacağını, ərazidəki obyektlərin diversifikasiyası və delimitasiyası üzrə alqoritmlərin hazırlanacağını bildiriblər: 

"Paylaşdıqları şəkildən də əsas məqsədlərinin nə olduğu açıq-aşkar görsənir. Düşünmək olar ki, məğlub ölkənin kapitulyasiya şərtlərinə əməl etməməsi, sülh müqaviləsini, koridor məsələsini və delimitasiya məsələsini uzatması həm də qurmaq istədiyi peyk müşahidə sistemini başa çatdıra bilməməsilə bağlıdır". 

O.Gündüz vurğuladı ki,  bu məsələlərin çox uzanması Ermənistanın addım-addım güclənməsinə şərait yaradır: "Prezident İlham Əliyevin də son dövrlərdə üçtərəfli bəyanatın şərtlərinə əməl edilməsi ilə bağlı Ermənistana qarşı daha kəskin çıxışlarından da bu görsənir. Təkcə qeyd etdiyim məqamlarla bağlı deyil, bir çox sahələrdə Ermənistanın ildırım sürətlilə üstünlük əldə etmək cəhdləri müşahidə olunur. Böyük resurslar axtarışındadır. Bu isə revanş istəyindən başqa bir şey deyil. Düşünürəm ki, məğlub ölkə ilə olan problemləri tez, çox tez həll etmək doğru olardı".

Nərgiz,

SİTAT.İNFO



Xəbər xətti