Hazırda dünyada olduğu kimi Azərbaycanda da narkomaniya problemi günü gündən artmağa davam edir. Bu zərərli vərdişin qarşısının alınması üçün hansı qabaqlayıcı tədbirlər görülməlidir?
Sitat.info-ya açıqlamasında Azərbaycan Milli Məclisinin deputatı Arzu Nağıyev suallarımızı cavablandırıb. Onun sözlərinə görə, narkomaniya sadəcə Azərbaycan üçün deyil ümumbəşəri bir bəladır.
"Bu gün dünyada narkomaniya kabusu doğrudan da artmaqdadır. Bu həm də mövsümi xarakter daşıyır yəni, yay aylarından sonra, əsasən payızda məhsul daha çox artır.
Mən narkomaniyanı hər kəsin biznesə çevirdiyi fikri ilə razılaşmıram. Öz vətənini, gələcəyini gəncliyini, millətini düşünən heç bir kəs bunu biznesə çevirməz. Məlum məsələdir ki, cinayət məcəlləsində bununla bağlı çox ağır maddələr var. Buna görə də hər kəs narkomaniyadan çəkinir. Lakin bunu özü üçün biznesə çevirənlər də var.
Hüquq mühafizə orqanları daim son satıcıdan ümumi pərakəndə və topdan satıcıya, istifadəçiyə qədər olan şəxsləri nəzarətdə saxlaya bilməz. Lakin bu zəncirdə olan insanlar hamısı bilir ki, onların hər biri məsuliyyət daşıyır.
Narkomaniyanın azalması üçün ciddi addımlar atmaq lazımdır. Sərhədlərdən başlayaraq son istifadəçiyə qədər və ya əksinə, istifadəçidən başlayaraq sərhədlərə qədər nəzarət lazımdır. Sərhəddən istifadəçiyə qədər olan zəncir qırılmalıdır.
Azərbaycanda da Narkomaniya ilə bağlı istər tranzit daşımalarında, istər sərhəddəki yoxlamalar. Bütün bunlardan məlum olur ki, nəzarət aparılır. Lakin forma və metodlar narkotacirlər tərəfindən bilinir və onlar da yeni forma və metodlara keçirlər. Bütün bunlara baxmayaraq nəzarətlərin effekti müəyyən qədər var. Son vaxtlar istər Daxili İşlər Nazirliyi tərəfindən, istər xüsusi xidmət orqanları tərəfindən, istər sərhəd qoşunları tərəfindən, gömrük, dövlət təhlükəsizliyi xidməti və s. bu məsələyə nəzarət edir.
Statistika ilə məsələ həll olunmur. Bu mövzu ilə birmənalı şəkildə, necə deyərlər - elliklə məşğul olmaq lazımdır. Uşaq bağçalarından başlayaraq, ümumiyyətl, gənclərin çox oluduğu yerlərdə bu sahədə təbliğat, maarifləndirmə işləri və s. aparılmalıdır.
Narkomaniyaya görə həbs olunanların Kütləvi İnformasiya Vasitələrində ictimai qınağını yaradaraq zərərli vərdişlərin necə nəticələnə biləcəyini cəmiyyətə çatdırmaq lazımdır."
Deputat onu da qeyd edib ki, digər ən böyük problemlərdən biri də valideynlərin bu məsələyə yanaşmasıdır.
"Valideyn bu zərərli vərdişi övladında hiss edirsə qətiyyən çəkinib qorxmamalı, müalicə üçün müraciət etməlidir. Hər bir valideyn övladında baş verən dəyişikliyi hiss edir və başa düşür. Ona görə də valideynlərim üzərinə də böyük məsuliyyət düşür.
Narkomanlarım təsnifatına baxdıqda görürük ki, onlardən bir qismi bunu həzz üçün, bir qismi korporativ yığıncaqlarda istifadə edir və s. lakin bilmək lazımdır ki, bunların sonu xəstə bir varlığa çevrilmək deməkdir.
Qeyd etdiyimiz kimi, sükan arxasında əyləşən sürücülərlə bağlı bir neçə fakt vardır. Mən düşünürəm ki, həmin şəxslərin sükan arxasına çıxmazdan əvvəl yoxlanılması mühüm şərtdir. Eyni zamanda əgər doğrudan da onlarda narkotik vasitə aşkarlanarsa bu böyük məsuliyyətdir. Çünki sərnişin daşıyan bir sürücünün məhz bu işlə məşğul olması qəbuledilməzdir.
Xaricdə narkotik vasitələrin leqal olduğu ölkələrdə belə istifadəçilərə qadağalar qoyulur. Onlar müəllim, həkim, sürücü, insanlarla təmasda olan işlərdə işləyə bilməzlər."
Seymur,
SİTAT.İNFO