Bir neçə gündür ki, dünya birliyinin diqqəti Səmərqəndə yönəlib. Burada yüksək səviyyədə təşkil olunan Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü beynəlxalq aləmdə böyük maraqla izlənir. Bu, bir həqiqətdir ki, Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir, eyni zamanda, böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Türk dünyasının böyük bir ailə olduğu beynəlxaql aləmdə də etitaf olunur. Türkdilli dövlətlər bir-birinin milli maraqlarını nəzərə alaraq, getdikcə daha sıx qarşılıqlı dəstək və həmrəylik göstərirlər. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlıq möhkəmləndirilir.
Sitat. xəbər verir ki, bu fikirləri “Xalq qəzeti”nə açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirdi.
Hüquq müdafiəçisi dedi ki, Zirvə Görüşündə Türk Dövlətləri Təşkilatının qarşısında duran vəzifələrdən və əməkdaşlığın genişləndirilməsi perspektivlərindən danışıldı. Qeyd olundu ki, Səmərqənd Sammiti türk dövlətləri arasında əlaqələrin daha da inkişafına mühüm töhfə verəcək, əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm rol oynayacaq. Zirvə görüşündə Vətən müharibəsində qazandığımız tarixi Qələbədən söhbət açılması, Azərbaycanın adının Türk dünyasında sayılıb-seçilən dövlətlər sırasıında çəkilməsi hər bir soydaşımızı qürurlandırdı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışında Azərbaycanın Vətən müharibəsindəki Qələbəsinin ikinci ildönümü münasibətilə təbriklərini çatdırması dünyaya ciddi mesaj idi. Artıq dünya birliyi də “Qarabağ Azərbaycandır!” reallığı ilə barışır. Qardaş ölkə Prezidenti Noyabrın 8-də qeyd etdiyimiz şanlı Qarabağ Zəfərinin ikinci ildönümündə əziz şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı arzulaması Azərbaycan-Türkiyə birliyinin sarsılmaz olmasından xəbər verir. Rəcəb Tayyib Ərdoğanın başda möhtərəm Prezidentimiz İlham Əliyev olmaqla xalqımızı təbrik etməsi və haqlı mübarizəsində olduğu kimi, sülh axtarışında da Azərbaycanın yanında olmalarını bəyan etməsi iki qardaş ölkənin bir-birinə daim arxa-dayaq olacağının, Azərbaycan ilə Türkiyənin birgə reallaşdırdığı nəhəng layihələrin dünya miqyasında mühüm əhəmiyyətini xüsusi qeyd etməsi dostluq və qardaşlığın bariz nümunəsidir.
Zirvə görüşündə maraqla izlənən amillərdən biri də Prezident İlham Əliyevin çıxışı oldu.
Ç.Qənizadə Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu diqqətə çatdırdı: “Möhtərəm Prezidentimiz çıxışı zamanı da bu amili diqqətə şatdırdı və bildirdi ki, son 7 ayda üç dəfə Özbəkistana səfər edib: aprel ayında dövlət səfəri, sentyabr ayında Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Zirvə Görüşü və noyabrda Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü. Səfərlər zamanı aparılan müzakirələr onu göstərir ki, Azərbaycan-Özbəkistan əlaqələri daha da yüksək səviyyəyə qalxıb: “Dövlət başçımız Azərbaycanın həmişə Türk dünyasının sıx birləşməsinə öz töhfəsini verdiyni və bundan sonra da Türk dünyasının birliyi amallarına sadiq qalacağını diqqətə çatdırdı. Dedi ki, 2009-cu ildə Naxçıvan Zirvə Görüşündən başlayaraq, Türk Dövlətləri Təşkilatı böyük inkişaf yolu keçmişdir. Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir”.
Komitə sədri dövlət başçımızın çıxışına istinadən diqqətə çatdırdı ki, Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir. Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır.
Dövlət başçımız, həmçinin Azərbaycan xalqının Qarabağın və Şərqi Zəngəzurun Ermənistanın işğalından azad olunmasının ikinci ildönümünü böyük qürur hissi ilə qeyd etdiyini də diqqətə çatdırdı. Dedi ki, iki il əvvəl Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyuldu, tarixi ədalət və beynəlxalq hüquq bərpa olundu. Bununla Azərbaycan həm də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini özü icra etdi.
Hüquq müdafiəçisi bildidi ki, Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşünün yekunlarına dair Səmərqənd Bəyannaməsi və bir sıra sənədlər imzalandı. Bəyannamədə Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçıları Türk xalqlarının ortaq tarixi, dili, mədəniyyəti, ənənələri və dəyərlərinə əsaslanan Türk Dövlətləri Təşkilatının çoxtərəfli çərçivəsində əməkdaşlığı daha da dərinləşdirmək və genişləndirmək əzmində olduqlarını təkrarlayıb, Azərbaycanın münaqişədən sonrakı bərpa, yenidənqurma və reinteqrasiya səylərinə töhfə verməyə hazırlıqlarını bir daha təsdiqləyiblər.