BMT-dən İrana xəbərdarlıq - Ölüm hökmündən istifadə etməyin!

17:45 14 Noyabr 2022

Birləşmiş Millətlər Təşkilatı Tehran Administrasiyasına ölkədəki etirazları yatırmaq üçün ölüm hökmündən istifadə etməmək barədə xəbərdarlıq edib. Almaniya kansleri Olaf Şolz etirazlara qarşı sərt mövqe nümayiş etdirdiyi üçün Tehrana qarşı yeni sanksiyaların tətbiq edilməsi lazım olduğunu müdafiə edərək, “Necə bir hökumət öz vətəndaşlarına atəş açar?” deyib.


İranda Məhsa Əmininin ölümündən sonra başlayan nümayişlər davam edərkən, Birləşmiş Millətlər Təşkilatından Tehran rəhbərliyinə xəbərdarlıq gəlib.

Sitat.info xəbər verir ki, BMT-nin 16 insan haqları eksperti İran hakimiyyətinə etirazları yatırmaq üçün ölüm hökmündən istifadə etməmək barəsində xəbərdarlıq edib.

Ekspertlər həmçinin ifadə azadlığından istifadə edərək dinc aksiyalara qatılan bütün etirazçıların azadlığa buraxılması haqqında çağırışlarını təkrarlayıb. Etirazlara qarşı repressiyaların davam etdiyi, aksiyalar zamanı 24-ü qadın, 41-i uşaq olmaqla, azı 304 nəfərin həyatını itirdiyi bildirilib.

Bəyanatda bildirilib ki, oktyabrın 29-da İranda 8 nəfər edam cəzasına məhkum oluna biləcəkləri ilə bağlı ittiham irəli sürülüb. Açıqlamada iki gün sonra aksiyalarla bağlı 1000 ittiham aktının hazırlandığı, yaxın günlərdə daha çox insan üçün oxşar üsullardan istifadə ediləcəyi xatırladılıb.

BMT-nin açıqlamasında deyilir: “Önümüzdəki günlərdə etirazların yatırılması istiqamətində görülən işlər çərçivəsində ölüm hökmü ilə nəticələnə biləcək ittihamnamələr hazırlana və qısa müddətdə ölüm hökmü verilə bilər. Etirazların ön cəbhəsindəki qadın və qızların, xüsusən də ayrı-seçkilik yaradan qanunlara son qoyulmasını tələb etdikləri üçün saxlanılan və ya hətta həbs edilən hüquq müdafiəçilərinin də hədəf alınacağından qorxuruq.”- deyə bildirilib.
Etirazlara qarşı sərt mövqe nümayiş etdirdiyi üçün Almaniya kansleri Şolz Tehrana qarşı yeni sanksiyaların tətbiq edilməsi lazım olduğunu deyib: "Necə bir hökumət öz vətəndaşlarına atəş açar?” 

Züleyxa Ağaməliyeva,

SİTAT.İNFO



Xəbər xətti