İranda aksiyada saxlanılanlarla bağlı ilk edam cəzası verildi

18:08 14 Noyabr 2022

İranda hicab qaydalarına əməl etmədiyi səbəbilə saxlanılan və polis nəzarətində ikən şübhəli şəkildə dünyasını dəyişən Məhsa Əmininin ölümündən sonra başlayan nümayişlərdə həbs olunanlar barədə ilk ölüm hökmü verilib. Həbs edilən 6 nəfərdən 1-nə ictimai təhlükəsizliyi pozmaq və dövlətə qarşı müharibə elan etmək maddələri ilə edam cəzası verilib. 

Sitat.info xəbər verir ki, İranın Ədliyyə Təşkilatı paytaxt Tehranda etirazlara qatılan nümayişçilərdən birinin edam cəzasına məhkum edildiyini açıqlayıb.

Bildirilib ki, Tehran İnqilab Məhkəməsi İran Ədliyyə Sisteminin sədri Qulamhüseyin Muhsin Ejeinin göstərişi ilə 6 nümayişçi haqqında "ədalətli" və tez qərar verib. İctimai təhlükəsizliyi pozmaq və dövlətə qarşı müharibə aparmaq ittihamı ilə həbs edilən 6 nəfərdən 1-i edam cəzasına məhkum edilib. Digər 5 nümayişçiyə isə 5 ildən 10 ilə qədər həbs cəzası verildiyi bildirilib.

Qeyd edilib ki, edama məhkum edilən nümayişçi dövlət binasını yandırmaq ittihamı ilə həbs edilib. İnqilab Məhkəməsinin verdiyi hökmlərdən apellyasiya şikayəti verilə biləcəyi də açıqlanıb.

 Səid,

SİTAT.İNFO
 



Xəbər xətti