Bakıda bu binanın sakinləri təhlükə ilə üz-üzədir - Video

11:27 15 Noyabr 2022

Paytaxtın Xətai rayonu, Məhəmməd Hadi küçəsi 63 ünvanında 41 ildir yaşayış olan binanın girişindəki beton lövhə çökmək üzrədir. 

“Sitat.info”nun Xəzər TV-yə istinadən verdiyi məlumata görə, sakinlər təhlükənin qarşısını almaq üçün beton lövhənin altına dəmir dirək qoyublar. Bununla belə, 160 mənzilli binada təhlükənin sovuşduğunu demək olmaz.

Sakinlərin digər ən böyük şikayəti isə binanın liftlərindəndir. Bura kooperativ bina olduğundan sakinlər kooperativin sədrinə dəfələrlə müraciət etdiklərini deyirlər. Onların sözlərinə görə, hər dəfə yağış yağan kimi su içəri damır, blokun iç divarları nəmlənir.

Sakinlər kooperativin sədrini onların şəxsi vəsaitləri hesabına tikdirdikləri xeyir-şər evini satmaqda da ittiham edirlər.

Kooperativin sədri Elxan Dünyamalıyev isə bu iddianı təkzib edib. O, sakinlərdən yığılan vəsaitin məbləğinin Nazirlər Kabinetinin müəyyən etdiyi tariflərə əsaslandığını bildirib.

Problem ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, bina kooperativ tipli olduğu üçün sakinlər yenidən seçki keçirib sədri dəyişdirə bilərlər. O ki qaldı liftlərin dəyişdirilməsinə, bununla bağlı lift idarəsinə artıq tapşırıq verilib. Ərazinin abadlaşdırılması da nəzərdə tutulur.

Problemlə bağlı daha ətraflı videomaterialı təqdim edirik:



Xəbər xətti