Paytaxt ərazisində ictimai nəqliyyatda cibgirlikdə məşğul olan 3 qardaş yaxalanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən "Sitat.info"ya verilən məlumata görə, müxtəlif vaxtlarda paytaxtın Yasamal və Nəsimi rayonları ərazilərində marşrut avtobuslarında 6 nəfərin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakinləri saxlanılıblar.
Məlum olub ki, onlar əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 3 qardaş - Elnur, Faiq və Ruslan Süleymanovlardır.
Araşdırma aparılır.
***
Tədbirlərlə əvvəllər dəfələrlə məhkum olunmuş Elnur, Faiq və Ruslan Süleymanov qardaşları tutularaq istintaqa təqdim ediliblər.
Araşdırmalarla bu şəxslərin paytaxtın bir neçə rayonlarında müxtəlif marşrutlar üzrə hərəkət edən avtobuslarda sərnişinlərin ümumilikdə 6000 manatdan artiq pul, mobil telefon və qiymətli zinət əşyalarını talamaları müəyyən edilib. Saxlanılan şəxslərin avtobuslarda törətdiyi hadisələrin bir neçəsi, həmçinin, cibgirlik edəndən sonra həmin məkanlardan yayınmaları müşahidə kameraları vasitəsi ilə qeydə alınıb.
Saxlanılan şəxslərin paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə, Bakı Şəhər Baş Polis İdarəsinə və "102" Xidməti Zəng Mərkəzinə məlumat verə bilərlər.