Türkiyənin tanınmış təhlükəsizlik eksperti Mete Karar bildirib ki, Putin Çinin Tayvana hücumunu gözləyir. Belə olduğu halda ABŞ Tayvana silah-sursat yardımı etməyə məcbur olacaq. Paralel olaraq Ukraynaya da silah yardımı edir. ABŞ-ın silah bazası tükənəcək və Ukraynaya silah yardımını azaldacaq. Nəticədə Ukrayna ordusu zəifləyəcək.
Bu məsələyə münasibət bildirən politoloq Qabil Hüseynli Sitat.info-ya açıqlamasında bu fikirlərin absurd olduğunu bildirdi:
“Kim xəyal edirsə ki, Tayvanla Çin arasında münasibətlər gərginləşəcək, bu mümkün deyil. İndoneziyada keçirilən “G-20” sammitində Baydenlə Çinin Kommunist Partiyasının sədri görüşdülər, demək olar ki, bir sıra sahələrdə prinsipial razılaşmaya gəliblər. Müharibə təhlükəsi mümkünsüzdür. Bu fikirlər daha çox Türkiyə mediasından çıxır. Ölkəmizdə də rus sevdalıları bunu yayır”.
Politoloq həmçinin ABŞ və Qərbin silah-sursatının tükənməsi məsləsinə münasibət bildirib: “İkinci bir tərəfdən də ABŞ-ın kifayət qədər silah-sursat bazası var. Çin Tayvana hücum etsə belə, Amerikanın, Böyük Britaniyanın silah-sursatının tükənməsi mümkün deyil. Avropadan Ukraynaya yardım edən müəyyən qədər İspaniya idi, bir qədər də İtaliya idi, son zamanlar Almaniya kömək etməyə başlayıb. Ancaq göndərilən silahların 80-90 faizi Böyük Britanya və Amerika tərəfindən göndərilir ki, bu da tükənən deyil. Onlar Ukraynanın yanında olacaqlar. Ukrayna torpaqları tam azad olunmayana qədər silah- sursat təchizatı dayanmayacaq”.
Məğrur,
Sitat.info