Prezident İlham Əliyev Sumqayıt Dövlət Universitetinin əməkdaşlarına “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
Sitat.info xəbər verir ki, Sumqayıt Dövlət Universitetinin 60 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə Sumqayıt Dövlət Universitetinin aşağıdakı əməkdaşlarına “Əməkdar müəllim” fəxri adı verilib:
Feyziyev Fikrət Güləli oğlu
Zərbəliyev Məhəmmədəli Məzahir oğlu.
Dövlət başçısının digər sərəncamı ilə Sumqayıt Dövlət Universitetinin 60 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə Sumqayıt Dövlət Universitetinin aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif ediliblər:
Xəlilov Elmar Şirinbala oğlu
İsayev Əmirxan İsmayıl oğlu
Mahmudova Lalə Fəqail qızı
Məhərrəmova Sona Səbəddin qızı
Məmmədov Ceyhun Həsən oğlu.
***
İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrasını təmin etmək məqsədilə qərara alıram:
1. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın (bundan sonra – Dövlət Proqramı) səmərəli icrasının təmin edilməsi məqsədilə zəruri əlaqələndirmə tədbirləri görsün.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasına nəzarəti və hesabatlılığı həyata keçirsin;
3.2. Dövlət Proqramının həyata keçirilməsi ilə bağlı görülən işlər, o cümlədən Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
4. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin sifarişi əsasında, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirsin.
5. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi hər il, müvafiq olaraq, dövlət büdcəsinin və dövlət investisiya proqramlarının tərtibi prosesində maliyyə vəsaitinin nəzərdə tutulması üçün zəruri tədbirlər görsünlər”, - sərəncamda qeyd olunub.