Həmrəylik günü Araz Elsəsin Bakıda konserti keçirilsin - Anar Əsədlidən Güneylə bağlı MÜHÜM TƏKLİFLƏR...

12:58 18 Noyabr 2022

“Son vaxtlar istər rəsmi dövlət səviyyəsində, istərsə də ictimai-siyasi, mədəni platformalarda Güney Azərbaycan mövzusunun sıx-sıx gündəmə gəlməsi hər kəs kimi bizi də sevindirir”. 

Bunu Sitat/info-ya açıqlamasında Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli bildirib. 

Anar Əsədli əlavə edib ki, illərdir, çox da geniş olmayan çevrədə dilə gətirilən Güney həqiqətləri "siyasi romantika" orbitindən çıxıb, ən üst səviyyədə - siyasi zirvə görüşlərində səslənməyə başlayıb: 

“Azərbaycan Respublikasının Prezidenti Səmərqənd Zirvə toplantısında ciddi mesajıar verdi. 40 milyonluq bir toplumun ana dilində məktəbinin olmaması , əlbəttə, indi məlum olan gerçəklik deyil. Lakin əsrlərin gerçəyinin bu gün səslənməsi təsadüfi deyil. Sirr deyil ki, Cənub qonşumuz İranın bütün siyasi əndazələri aşaraq, Azərbaycanın dövlətciliyinə, dövlət kimi mövcudluğuna qarşı başlatdığı düşmənçilik, artan təhdidlər hər gün daha fərqli formada inkişaf edir. Dövlət Təhlükəsizliyi Xidmətinin bu günlərdə yaydığı məlumatlara əsasən, İranın ölkəmizdə bir neçə casus dəstəsinin aşkarlanması buna daha bir nümunədir”, - deyə partiya başqanı qeyd edib.

Onun fikrincə, təbii olaraq, bütün bunlara qarşı da, xüsusilə Azərbaycan Respublikasını qorumaq məqsədilə həm dövlət, həm də xalq və cəmiyyət olaraq öz müqavimət proqramımızı, gücümüzü, ruhumuzu və iradəmizi nümayiş etdirməliyik: “Bu mənada İranda yaşayan 40 milyondan çox soydaşımızın illərdir, tapdanan hüquqlarının hərtərəfli müdafiəsi, onların, nəhayət ciddi bir siyasi faktora çevrilərək, Milli Azadlıq Mücadiləsi fonunda öz müqəddəratlarını təyin etmələrilə yekunlaşdırması bizim də bu planda arzularımızın gerçəkləşməsi demək olacaq. Hər zaman siyasi manevrləri ehtiyatlı olan prezident İlham Əliyevin də  bu qədər açıq və sərt şəklidə həqiqətləri dilə gətirməsi regionda reallaşan böyük iqtisadi və siyasi, hətta deyərdik ki, hərbi layihədən tutmuş, böyük miqyaslı əməkdaşlıq  və müttəffiqliklərdən xəbər verir. Prezidentin çıxışı emosional görünsə də, əslində bu, Çin, ABŞ,  İsrail, Türkiyə, Rusiya və Avropa kimi bir-birinə zidd ölkələrin müəyyən mövqlərinin üst-üstə düşməsinin və bizim üçün manevr imkanlarının açıldığının göstəricisidir.
Bir vaxtlar utopik görünən ideyalar zamanla labüd olur. 
 
Bu mənada dövlət rəsmilərinin məsələ ilə bağlı kəskin və konkret açıqlamaları, bununla əlaqədar həm dövlət televiziyalarında, həm də ictimai və özəl əsaslarda fəaliyyət göstərən televiziyalarda, yazılı və elektron media əda aparılan təbliğat-təşviqat, piar işini müsbət qiymətləndirir, təqdir edirik.
Lakin məsələyə sadəcə siyasi təbliğat kontekstindən yanaşsaq, yanılarıq. Sistemli şəkildə və ardıcıl olaraq, müəyyən tədbirlər həyata keçirilməlidir. Bununla bağlı müəyyən təkliflər verə bilərəm:
1.        12 Dekabr - "21 Azər hərəkatı"nın yaranmasının ildönümüdür. Azərbaycanın siyasi partiyaları, qeyri-hökumət təşkilatları,müxtəlif  tədqiqat mərkəzlərinin iştirakı ilə ildönümünə həsr olunmuş beynəlxalq elmi-praktiki konfransın təşkil edilməsi;
2.       31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar Türk Dünyasının sevdiyi, qəbul etdiyi böyük ozan Araz Elsəsin “Avroviziya" Mahnı Müsabiqəsinin keçirildiyi “Kristal Hall"da konserti təşkil olunsun;
3.       Güney Azərbaycan Milli Oyanış Hərəkatının sədri Mahmudəli Çöhrəqanlının özünün iddia etdiyi kimi Azərbaycan Respublikasına girişinə qoyulan qeyr-rəsmi qadağanın aradan qaldırılsın, o, Azərbaycana dəvət edilsin”.

Səid,

SİTAT.İNFO



Xəbər xətti