Son vaxtlar avtomobil bazarında bir çox avtomobillərdə qiymət artımları müşahidə olunur. Avtomobil almaq istəyənlər qiymət artımlarının miqdarının avtomobilin modellərindən asılı olaraq dəyişdiyini qeyd edirlər.
Bəs avtomobil bazarında qiymət artımlarına nə səbəb olur?
Nəqliyyat üzrə ekspert Yasin Mustafayev Azxeber.com-a açıqlamasında məsələyə münasibət bildirib.
O, qeyd edib ki, payız aylarında avtomobil bazarında qiymət artımı özünü göstərir: "Nəqliyyat vasitələrinin alışı, satışı, adətən, payız aylarında çoxalır. Çünki kənd təsərrüfatı ölkəsiyik, bu vaxtda insanların gəlirləri artır. Statistik baxımdan hər il bu dövrdə avtomobillərin satışı, avtomobil bazarı daha aktiv olur. Bu baxımdan tələbat artdıqca, paralel olaraq qiymət artımı da özünü göstərir. Avtomobillərdə qiymət artımlarına səbəb olan başqa əsaslı bir arqument yoxdur. Hər hansı vergilərin artırılması, istər aksiz vergisi, istər gömrük vergisi və s. bunlar təsir etmir.
Ekspert deyib ki, yeni ildən hibrit avtomobillərin qiyməti ucuzlaşacaq:
"Biz bilirik ki, bu il yanvarın 1-dən hibrit və elektrikli avtomobillər Əlavə Dəyər Vergisindən (ƏDV) azad olunacaq. İndi isə elektrikli avtomobillər gömrük rüsumundan da azad olunub. Beləliklə, bu tendensiya bizə onu deməyə əsas verir ki, elektrikli avtomobillərin qiymətində xeyli ucuzlaşma olacaq. İnsanlar o avtomobili xarici dövlətlərdə hansı qiymətə alıblarsa, yol və cüzi əməliyyat xərclərini nəzərə almasaq, eyni qiymətə onu ölkəyə gətirə bilirlər. Bu da onu deməyə əsas verir ki, elektrikli avtomobillərn qiymətində xeyli ucuzlaşma olacaq. Amma digər avtomobillərin qiymətində dəyişiklik gözlənilmir”.
O qeyd edib ki, il sonunun yaxınlaşması da bu qiymət artımlarına səbəb ola bilər: "İl sonunda, adətən, ir təlatüm yaranır ki, Tarif Şurası hər hansı bir qiymət artımı ilə bağlı qərar verə bilər, belə şaiyələr yayılır ki, yeni ildə hansısa məhsulların qiyməti qalxacaq və s. Bu cür şaiyələr də bəzən insanlarda yanlış fikirlər formalaşdırır. Bunun də avtomobil bazarında qiymət artımına müəyyən təsiri ola bilər”.