"Sülhməramlılar ermənilərlə əlbirdilər, minaların basdırılmasına kömək edirlər" - Polkovnikdən ŞOK AÇIQLAMA

16:14 21 Noyabr 2022

Prezident, Ali Baş Komandan İlham Əliyev çıxışı zamanı sülhməramlıların 2025-ci ildə Qarabağda olmayacaqlarını bildirib.Məlum olduğu kimi, dövlət başçısının son açıqlaması Kremlini narahat etməyə bilməz. Prezident Qarabağın erməni əhalisi ilə danışıqlara razı olduğunu deyib, onları Azərbaycan vətəndaşları adlandırıb. İlham Əliyev Kremlin Qarabağla bağlı "layihələrini", Vardanyan projesini birmənalı şəkildə pisləyib. Həmçinin o sülhməramlıların 2025-ci il noyabr ayında artıq Qarabağda olmayacaqlarını deyib.

Mövzunu Sitat.info üçün şərh edən hərbi ekspert Üzeyir Cəfərov qeyd edib ki, ölkə başçısının sonuncu açıqlaması  çoxdan verilməliydi: "Bu məsələdə Azərbaycan öz qətiyyətli mövqeyini davam etdirməlidir. Heç bir halda nə Rusiyaya, nə Ermənistana güzəşt edilməməlidir. 2 il bundan qabaq Azərbaycan 44 günlük müharibədə öz ərazi bütövlüyü ilə bağlı məsələni yekunlaşdırdığı anda dövrəyə Rusiya Federasiyası girdi. Rusiya bu 2 il ərzində özünün nəyə qadir olduğunu açıq şəkildə büruzə verdi. Bu illər ərzində biz problemlərin daha da artdığının şahidi olduq. Üçtərəfli bəyannamənin müddəaları yerinə yetirilmir. Noyabrın 8-də Şuşada prezident öz çıxışı zamanı açıq şəkildə bildirdi ki, Rusiya sülhməramlılarının Azərbaycanda qalma müddəti 2025-ci ilin noyabr ayına qədərdir".

Hərbi ekspert hesab edir ki, sülhməramlıların Qarabağdan çıxması prosesi 2025-ci ildən tez baş verəcək: " Ona görə ki, Ukraynanın çöllərində viran qoyulmuş Rusiya ordusu yəqin ki, 2023-cü ildə ordusunu yenidən toparlamaq üçün bir sıra tədbirlər görəcək. Belə ki, həm Qarabağdan, həm Ermənistandan, o cümlədən Tacikistandan öz qoşunlarını geri çağıracaq. Prezident daha da qətiyyətli tələblər irəli sürməlidir. Nəinki prezident səviyyəsində, habelə Xarici İşlər  Nazirliyi, Müdafiə Nazirliyi qətiyyətli tələblər irəli sürməlidir".

Ü.Cəfərov onu da diqqətə çatdırdı ki, sülhməramlılar ermənilərlə əlbirdilər, minaların basdırılması, silah-sürsatların daşınması və başqa işlərdə onlara kömək edirlər: "Oktyabrda Xankəndində keçirilən qeyri-qanuni toplantıda biz gördük ki, Rusiyanın sülhməramlıları imkan yaratmışdılar ki, ermənilər qeyri-qanuni yollarla Azərbaycana daxil olsun. Bir sözlə, rəsmilər gecikməməlidir. Bu məsələ öz həllini tapmalıdır. Onsuz da Rusiya bu qədər hadisələrdən sonra zəifləyəcək. Düşünürəm ki, Azərbaycan öz tələblərini sərtləşdirməlidir. Vaxt ötdükcə, ermənilər Hindistandan raket alırlar, İrandan dron alırlar.  Yenidən qüvvət toplamağa çalışırlar. Bunları İrəvanda hərbi paradda istifadə etmək üçün almırlar. Aldıqları silah sursatların Bakıya, Gəncəyə və ya başqa böyük şəhərlərimizə tuşlayacaqları aydın məsələdir. Ermənistanı elə bir vəziyyətə salmaq lazımdır ki, bir də əsla Azərbaycan əraziləri ilə bağlı boş xəyallara düşməsin".

Hülya Mirzəyeva,

SİTAT.İNFO



Xəbər xətti