Azərbaycanda normal yaşamaq üçün ayda nə qədər pul lazımdır? - AÇIQLAMA

17:41 23 Noyabr 2022

"Bizim qanunvericiliyimizə görə yaşayış minimumu və ehtiyac meyarı var. Bu ildən yaşayış minimumu ilə ehtiyac meyarı bərabərləşdirildi. 2023-cü ildən etibarən 246 manat olaraq müəyyənləşdirilib. Yaşayış minimumu əmək qabiliyyətli insanlar üçün 261, təqaüdçülər üçün 199, uşaqlar üçün 220 manat olaraq müəyyən edilib.  Fərq ondan ibarətdir ki, yaşayış minimumu insanın minimal yaşayışı üçündür, yəni qidalansın, yaşasın, ölməsin deyə nəzərdə tutulub". 

Bu sözləri Sitat.info-ya açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov deyib.

Onun sözlərinə görə, ehtiyac meyarı daha çox dövlətin vətəndaşa yardım etməsi üçün, yəni ünvanlı dövlət sosial yardımı üçündür: "Artıq bu anlayışlar eyniləşdirildi, bəlkə də gələcəkdə minimum ehtiyac meyarı anlaylışı ləğv ediləcək.  Yaşayış minimumundan danışsaq, qanuna görə, minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət olan sosial bir normadır. Bu o deməkdir ki, insan yaxın vaxtlarda ölməsin. İnsanın çörəyi, suyu, əynində paltarı olması kifayət etmir. Söhbət bu normadan gedir. İnsan arada xəstələnir.  246 manatla sağlamlığa qulluq, lazımi keyfiyyətdə qidalanma mümkün deyil". 

İqtisadçı vurğuladı ki, bu vəsaitlə 1 ayı keçirmək üçün bir çox şeydən imtina etmək lazımdır: "Aydındır ki, bu minimumla insan keyfiyyətli qidalana bilməz. Bir müddət sonra insanın səhhətində problemlər yaranacaq, əgər yaxşı qidalansaydı bəlkə də belə olmazdı. Azərbaycanda indiki şəraitdə insana ayda 1000 manat lazımdır ki, yeməyini, geyimini normal təmin edə bilsin. Geyim də gərək keyfiyyətli olsun, söhbət ucuz, sintetik geyimlərdən getmir. Amma bunu nəinki Azərbaycanda, bütün dünyada etiraf etməyəcəklər". 

Seymur Bənnayev,

Sitat.info



Xəbər xətti