"Ünvanlı sosial yardım proqramının təkmilləşdirilməsi ilə bağlı mütəmadi olaraq öz təkliflərimizi təqdim edirik."
Bu sözləri Sitat.info-ya açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı alim Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, ÜSY proqramında əlçatımlılığın artırılması çox vacibdir və məqsəd də ondan ibarət olmalıdır ki, məhz həmin proqramdan aztəminatlı vətəndaşlar yararlana bilsin:
"Etiraf etmək lazımdır ki, həmin proqramın tətbiq edildikdən müəyyən müddət sonra əlçatımlılıq baxımından effektiv olmadı. Aparılan araşdırmalar da bunu təsdiq edir.
Son illərdə proqramın təkmilləşdirilməsi ilə bağlı həm qanunverici bazada , həm də praktikada real addımlar atılır. Təbii ki, bunun davam etdirilməsi çox vacibdir. Xüsusən də ünvanlı sosial yardıma aztəminatlı ailələrin əlçatımlılığının genişləndirilməsi üçün şərtlərin daha da yumşaldılmasına ehtiyac var."
Deputat qeyd edib ki, bu aktiv bir sosial proqramdır: "Buna görə də çox vacib məqamlardan biri əlçatımlılığın artırılması və daha uyğun şərtlərlə ünvanlı sosial yardım proqramı çərçivəsində vəsaitlərin ayrılmasına nail olunmasıdır.
"Bizim təklifimiz ondan ibarətdir ki, ünvanlı sosial yardım proqramının səmərəliliyinin daha da artırılması üçün şərtlərin yumşaldılmasına ehtiyac var. Bu da nəticə etibarilə aztəminatlı ailələrin bu programdan daha geniş şəkildə istifadə etməsinə gətirib çıxara bilər.
Hər halda 2023-cü ildə ehtiyac meyarı ilə yaşayış minimumunun birləşməsi də ÜSY proqramı çərçivəsində daha çox vəsaitin ayrılmasına imkan yaradacaq. Vəsaitin məbləği proqram daxilində artdığına görə əlçatımlılığın da genişləndirilməsinə ehtiyac var"
Seymur Bənnayev,
Sitat.info