"Naxçıvanda aparılan əməliyyatlar barədə bir müddətdir məlumat var ki, müxtəlif qurumlarda, nazirliklərdə yoxlanışlar aparılır. Düzdür bunlar bir çox hallarda şayiə şəklində qalır və təsdiqini tapmırdı. Biz Naxçıvanda olan dostlar sayəsində orada olan prosesləri bilirdik".
Sitat.info-ya açıqlamasında bu fikirləri səsləndirən Ağ Partiya sədri Tural Abbaslı bildirdi ki, rəsmi şəkildə Dövlət Gömrük Komitəsində araşdırma aparıldığı və konkret şəxsin həbs olunduğu barədə məlumat var: "Düşünürəm ki, Naxçıvan məsələsi biraz qəlizdir və hər dönəm istənilən iqtidarlar üçün spesfik yanaşma tələb edən region olub. Bu araşdırmanın indi başlamasının səbəbini nə oluğunu deyə bilmərəm, amma ehtimallar var. Hər halda dövlət orqanlarında hər hansı bir korrupsiya faktı varsa, ordakılar ilə burada olanların heç bir fərqi olmadığı üçün onlar da cəzalandırılmalıdır".
T.Abbaslı vurğuladı ki, korrupsiya harada varsa, göz yummaq olmaz: "Fərq etmir Naxçıvan, Şəki, Şirvan, Bakı, hara olursa- olsun cəzalandırılmalıdır. Hər halda gözləmək lazımdır, mənim tövsiyyəm də budur gözləyək. Proseslər hara gedəcəyini anlayaq. Çünki, Naxçıvan istənilən iqtidar üçün çox önəmli və spesfik region olub".
Səid İsaoğlu,
Sitat.info