Azərbaycan Yüksəliş Partiyasının Başqanlıq Heyəti Ankarada Zəfər Partiyasını ziyarət edib.
Sitat.info xəbər verir ki, Zəfər Partiyasında AY Partiya təmsilçilərinin qarşılanma mərasimi olub.
Daha sonra Zəfər Partiyası Başqanı Ümid Özdağın beynəlxalq məsələlər üzrə müavini, keçmiş Baş nazir müavini və nazir Şükrü Sina Gürel, milli təhlükəsizlik məsələləri üzrə müavini Fikrət Bayır və sosial media ilə iş üzrə müavini Nezih İlter Karaman AY Partiya Başqanı Anar Əsədlinin beynəlxalq əlaqələr üzrə müavini Vasif İsmayıl, Türk Dünyası və ideoloji məsələlər üzrə müavini Aynur Qəzənfərqızı, İnsan haqları və QHT ilə iş üzrə müavini Gülşən Hacıyeva, partiyanın İcra Aparatının rəhbəri Aqil Dadaşzadəni qəbul ediblər.
Görüş zamanı iki partiyanın əlaqələrindən, bu münasibətlərin inkişafının Türk Dünyası Birliyinə verəcəyi töhfələrdən danışılıb.
Həmçinin 44 günlük Vətən savaşının Azərbaycan və Türkiyənin gücünü artırdığı, regionun önəmli dövlətlərinə çevirdiyi vurğulanıb, digər mövzularda müzakirələr aparılıb.
AY Partiya Başqanı Anar Əsədlinin hədiyyəsi Zəfər Partiyasına təqdim olunub, xatirə fotoları çəkdirilib.
AY Partiya rəhbərliyi Ankarada Krım Dərnəyinə də baş çəkiblər.
Dərnəyin İdarə Heyətinin üzvü, Krım Vəqfi Başqanı Tuncer Kalkay ilə keçirilən görüşdə Krım türklərinin tarixi, Azərbaycan türkləri ilə ortaq yönləri, hüquqlarının bərpası üçün verdikləri mücadilə barədə danışılıb.
Azərbaycan və Krım türklərinin rus işğalından çox əziyyət çəkdiyi xüsusi vurğulanıb, Rusiya təhdidinə qarşı birgə mübarizə aparılmasının vacibliyi dilə gətirilib.
Heyət üzvləri 2019-cu ildə Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı ilə açılan dərnək binası ilə tanış olublar. Krımdan gələn qaçqınların müvəqqəti yerləşdirildiyi binada kitabxana, rəqs zalı, yeməkxana fəaliyyət göstərir.
Sitat.info