"Hərbi cinayətkarlar və separatçılar üçün əlverişli şərait yaradırlar" - Elçin Mirzəbəylinin şərhi

16:32 29 Noyabr 2022

"Məsələyə hüquqi müstəvidən yanaşsaq, yəni 10 noyabr 2020-ci il üçtərəfli bəyanatının prinsiplərini əsas götürsək, Rusiya sülhməramlılarının müvəqqəti səlahiyyət zonasına daxil olan ərazilərdə baş verənlərə görə həm Moskva, həm də İrəvan məsuliyyət daşıyır. Sözügedən bəyanatın 4-cü bəndində qeyd olunur ki, “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir.

Bu o deməkdir ki, erməni silahlı qüvvələri Rusiya sülhməramlılarının Azərbaycan ərazilərinə daxil olma prosesinə uyğun olaraq, ölkəmizin hüdudlarından kənara çıxarılmalıydı. Məlum olduğu kimi bəyanatın 4-cü bəndində “Ermənistan Respublikasının silahlı qüvvələri” deyil, “erməni silahlı qüvvələri” yer alıb ki, bu da silahlı separatçılar, terrorçular da daxil olmaqla bütün erməni silahlı qruplarına, fərdlərinə şamil olunmalıdır. Amma göründüyü kimi, Ermənistan bəyanatın imzalandığı ilk gündən bu öhdəliyə əməl etməyib, Rusiya tərəfindən də öhdəliyin yerinə yetirilməsi üçün heç bir addım atılmayıb". 

Bu sözləri sitat.info-ya açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.

O bildirib ki,  Qarabağda silahlı qruplaşmaların mövcudluğuna görə, Rusiyanı tərəfini məsul tutmalıyıq:

"Üçtərəfli bəyanatın 5- ci maddəsində bildirilir ki, “Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır”. Sözügedən maddəyə uyğun olaraq, 2020-ci il noyabrın 11-də Türkiyə və Rusiyanın müdafiə nazirlərinin arasında atəşkəsə nəzarət etmək üçün ortaq mərkəzin yaradılması barədə memorandum imzalanıb və mərkəz, məlum olduğu kimi fəaliyyət göstərir. Amma mərkəzin aşkarladığı pozuntularla bağlı hansı addımların atılacağı ilə bağlı mexanizmlər bəlli olmadığı üçün bu barədə fikir söyləmək mümkün deyil. Əgər etnik ermənilərin yaşadığı Azərbaycan ərazilərinin Rusiya sülhməramlılarının müvəqqəti səlahiyyət zonasına daxil olduğunu nəzərə alsaq, o zaman burada baş verənlərə və qanunsuz silahlı qruplaşmaların mövcudluğuna görə, Rusiya tərəfini məsul tutmalıyıq. Çünki əraziyə müvəqqəti də olsa nəzarət onlardadır və təbii ki, məsuliyyəti də onlar daşıyırlar. 
Digər tərəfdən, Rusiya sülhməramlılarının Azərbaycan ərazilərindəki mövcudluğunu əsaslandıran hüquqi amilləri də diqqətə almaq lazım gəldiyini düşünürəm. Bəlli olduğu kimi Rusiya Federasiyasının sülhməramlı kontingenti Azərbaycan ərazilərində 10 noyabr bəyanatının 3 və 4-cü bəndlərinə əsasən yerləşdiriliblər. Sözügedən bəndlərdə isə sülhməramlıların fəaliyyət istiqamətləri və səlahiyyətləri barədə heç bir məqam yer almayıb. Həmçinin onu da qeyd edim ki,  beynəlxalq hüquqda sülhməramlı qüvvələrlə bağlı konkret konvensiya yoxdur.  Amma buna baxmayaraq, sülhməramlı fəaliyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının beynəlxalq hüquqi-normativ akt statusu daşıyan və hüquqi president sayılan qətnamələri var. Bu sənədlərə görə, öz ərazilərində başqa dövlətin sülhməramlı qüvvələrinin yerləşdirilməsinə razılıq verilməsi Azərbaycan Respublikasının müstəsna hüququdur. Bununla yanaşı, nəzərinizə çatdırım ki, sülhməramlı missiyaların fəaliyyəti Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi, həmçinin BMT Təhlükəsizlik Şurasının 1325 (2000-ci il), 1612 (2005-ci il), 1674 (2006-cı il) saylı qətnamələri və BMT-nin sülhün qorunması ilə bağlı əməliyyatlarının prinsip və istiqamətləri, ”Ümumi doktrina"sı ilə tənzimlənir. Sözügedən sənədlər bütün sülhməramlı missiyalar üçün eyni hüquqi qüvvəyə malikdir. Bu sənədlərdə yer alan prinsiplərə görə, sülhməramlılar ərazisində olduqları dövlətlərin qanunlarına istisnasız olaraq əməl etməli və icrasına görə məsuliyyət daşımalıdırlar".

Politoloq bildirdi ki, sülhməralı kontingent Azərbaycan ərazilərində baş verən qanunsuzluqlara göz yumur, separatçılara şərait yaradırlar:

"Rusiya sülhməramlılarının sərgilədiyi davranışlar Azərbaycan qanunvericiliyi ilə ziddiyyət təşkil edir. Onlar nəinki etnik erməniləri Azərbaycan qanunlarına əməl etməyə dəvət etmir, hətta bu qanunların pozulmasına hərbi cinayətkarlar və separatçılar üçün əlverişli şərait yaradırlar. Bu baxımdan, indiki şəraitdə, etnik ermənilərin yaşadığı Azərbaycan ərazilərində baş verən qanunsuzluqlara görə, məsuliyyət Rusiya sülhməramlılarının üzərindədir. Həmin ərazilərdə təhlükəsizliyə təminat verə biləcək ikinci legitim bir təsisat yoxdur ki, atəşkəslə bağlı tələbləri onlara qarşı irəli sürmək mümkün olsun. Şübhəsiz ki, separatçıların fəallaşmasında və atəşkəsin pozulmasında, Rusiya sülhməramlılarının müvəqqəti səlahiyyət zonasına daxil olan Azərbaycan ərazilərinə silah-sursatın daşınmasına Ermənistanın əli və iştirakı var. Amma sülhyaratma və nəzarət missiyası Rusiyanın üzərində olduğu üçün birbaşa məsuliyyəti də Moskva daşımalıdır. Ya da Rusiya sülhməraçlı kontingenti öz missiyasını yerinə yetirə bilmədiyinə görə, Azərbaycan ərazilərini tərk etməlidir. Proses Azərbaycanın daxili qoşunlarının və təhlükəsizlik qüvvələrinin həmin ərazilərə daxil olması ilə paralel həyata keçirilməlidir".

Seymur,

Sitat.info



Xəbər xətti