“Urmiya gölünün qoruması 18% hava, təbii proseslərlə bağlı olsa da, 82% isə insan fəaliyyəti ilə bağlıdır”.
Sitat.info xəbər verir ki, bu sözləri “Ərk” insan hüquqlarının müdafiəsi təşkilatının həmtəsisçisi, etnik məsələlər və qadın hüquqları üzrə fəal Jalə Təbrizli Bakıda keçirilən “Urmu gölünün harayı” adlı dəyirmi masada çıxışı zamanı deyib.
“İran hökuməti tərəfindən Urmiya gölünün suyundan hesabsız şəkildə quyulara vuruldu, səmərəsiz şəkildə istifadə olunmağa başlanıldı. Gölün axan sularının qarşısı alındı”, - deyə Jalə Təbrizli qeyd edib.
O vurğulayıb ki, hazırda Urmiya gölünün 95%-i artıq quruyub: “Lakin İran hökuməti bu istiqamətdə heç bir addım atmır. Biz eşitmişik ki, ərazidə olan duz yük maşınları ilə daşınır. Hazırda 14 milyon insan həmin ərazidən köçürülməlidir. Orada duz tozları baş verir, insanlarda xərçəng xəstəliyi yaranır. İnsanların həyatı təhlükədədir”.
Jalə Təbrizli, eyni zamanda çıxışında qeyd edib ki, İranda yaşayan azərbaycanlılar öz dillərində təhsil ala bilmirlər: “İran Konstitusiyasında müvafiq maddə olsa da, həmyerlilərimizin doğma dillərində danışmasına şərait yaradılmır”.
O qeyd edib ki, xüsusən də azərbaycanlı qadınlar İranda zülmə məruz qalırlar: “İranda qadın hüquqları tanınmır. Azərbaycan qadınları orada təzyiqlərlə üzləşir. Bizim uşaqlarımız Ana dilində təhsil ala bilmir”.
//Qafqazinfo