Milli Məclisdə Partiyalar haqqında qanun 1-ci oxunuşdan keçdi, çox güman, tezliklə də qəbul olunacaq. Hakimiyyətin ciddi ictimai müzakirələr olmadan tez-tələsik qanunu qəbul etmək cəhdi həm də onunla bağlıdır ki, REAL Partiyası siyasi mübarizə üsullarını yaxşı bildiyindən qanuna rəy almaq üçün Venesiya Komissiyasına müraciət edib. Bunu publik elan etdik, sivil siyasi gedişlərdən istifadə edərək beynəlxalq təsir mexanizmlərini işə salmağa çalışdıq – həmən əl-ayağa düşüb prosesi tezləşdirməyə çalışdılar. Venesiya Komissiyasının mənfi rəyi Azərbaycanın Avropa Şurasında növbəti dəfə tənqid atəşinə tutulmasına, hakimiyyəti yenidən çətin duruma düşməsinə səbəb olacaq".
Sitat.info xəbər verir ki, bu sözləri Natiq Cəfərli deyib.
Onun sözlərinə görə, ictimai müzakirələr bir qırağa, Milli Məclisin özündə belə normal müzakirə ortamı yaratmadılar: "Siyasi Partiyalar haqqında qanunun müzakirəsi üçün dünən REAL Partiyasının deputatı Erkin Qədirli çıxışa yazılmışdı, amma söz vermədilər, çıxışçılara baxırsan, əksəriyyəti YAP üzvləri və formal olaraq bitərəflər olub – yaxşı, adı məntiq var da, bu qanun layihəsi siyasi partiyaların işini tənzimləmək üçündürsə ilk öncə məhz onların nümayəndələrinə söz haqqı tanınmalıdır, heç olmasa parlamentdə təmsil olunan partiyalar söz alıb danışmalıdırlar, amma yox, hakimiyyətin yaratdığı mənasız “oyun qaydaları” orada da eyni məntiqlə işləyir – Siyasi partiyalar haqqında qanunla bağlı siyasi mənsubiyyətləri olmayan bitərəflərə söz verilir, partiya nümayəndələrinə yox.
Erkin Qədirli bu qanun layihəsinin komissiyada müzakirəsi zamanı əleyhinə olduğunu, əleyhinə səs verəcəyini söyləyib, dünən texniki səhv olaraq “bitərəf” düyməsinə basıb, sonra yazılı və şifahi müraciət edərək “bitərəf” səsi, “əlehinə” ilə əvəz edilməsini tələb edib, rəsmi protokolda bu məsələ dəyişdiriləcək".
N.Cəfərli qeyd edib ki, hakimiyyət 30 ildi siyasi səhnəni oyuncağa döndərib: "ancaq bildikləri odur ki, öz yaxınlara, kimi müxalif görmək, müxalifət kimi sırımaq istədiklərini PR edirlər, beləcə bu mənasız siyasi səhnənin daim yaşaması üçün çalışırlar, çünki ideal sistem qurublar, bu sistemi tərpətmək istəyənləri isə həmən hər iki tərəf hədəfə gətirib nüfuzdan salmaqla, əl-ələ verib bu sistemin ömrünü uzatmaqla məşğuldurlar...".
Səid İsaoğlu,
Sitat.info