Türkiyə əleyhinə məqamların yer aldığı “Odda-İki bacı” filminin Bakıda nümayişi baş tutmayacaq.
Almaniyanın Azərbaycandakı səfirliyi və Avropa İttifaqının nümayəndəliyinin filmin nümayişi ilə bağlı təşəbbüsü kəskin etirazla qarşılandığından geri addım atılıb.
Almaniya səfirliyindən bildirilib ki, səhv anlaşılmama üçün filmi nümayiş etdirməmək qərarına gəliblər.
Bununla belə, bu gün ictimaiyyət nümayəndələri filmin nümayiş etdiriləcəyi elan olunmuş “Landmark”ın qarşısına toplaşaraq, Türkiyə əleyhinə hazırlanmış filmin nümayiş etdirilməsi təşəbbüsünə kəskin etirazlarını bildiriblər.
APA xəbər verir ki, aksiya iştirakçıları təşəbbüskarların niyyətini pisləyib, qardaş Türkiyəyə dəstək nümayiş etdirərək, “Türkiyə Azərbaycandır!”, “Yaşasın Azərbaycan-Türkiyə!”, “Almaniya səfirliyinə ar olsun!”, “Rədd olsun PKK!”, “Rədd olsun terroristlər!”, “Terrora stop!” və digər şüarlar səsləndiriblər.
Qeyd edək ki, iki gün öncə Almaniyanın Bakıdakı səfirliyi Aİ-nın Azərbaycandakı nümayəndəliyi ilə birlikdə sözügedən filmin Azərbaycanda nümayiş olunacağı barədə məlumat yaymışdı. Məlumatda qeyd olunmuşdu ki, kinoteatrlar filmin nümayişini təxirə saldığı üçün film Aİ Film Festivalında göstərilə bilməyib. Filmin 5 dekabr 2022-ci il bazar ertəsi saat 19:00-da Landmark lll kinoteatr zalında nümayişi nəzərdə tutulurdu.
Xatırladaq ki, “Odda-İki bacı” filmini Azərbaycan kinoteatrları yayımlamaqdan imtina edib. Filmdə Almaniya bundesverinin hərbçisi olan Rojda Xani İraqda kürd hərbçilərə İŞİD-ə qarşı döyüşmək üçün təlim keçir. Amma kimsə bilmir ki, o, əslində itkin bacısı Bərivanı axtarır. Həmçinin filmin süjet xəttində Türkiyə hərbçiləri qəddar, qaniçən, məkrli "potensial düşmən" kimi göstərilib.